Ağamid Ağacəfərli (23 yanvar 1995-ci il, Lerik şəhəri – 26 oktyabr 2020-ci il, Füzuli) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ağamid Şirzad oğlu Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olub. Ailədə 3 qardaş və 2 bacı olmaqla 7 nəfər olublar. Uşaqlıq illəri Lerik şəhərində keçib. Orta təhsilini Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində bərbər kimi fəaliyyət göstərmişdir.
Ağamid Ağacəfərli 2013-cü ilin yanvar ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Tərtər rayonunun “N” saylı hərbi hissəsinə göndərilib. Xidmət göstərdiyi dövrdə kəşfiyyatçı olub. 2015-ci ilin iyul ayında hərbi xidmətini başa vuraraq tərxis olub.
2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ağamid Ağacəfərli də səfərbər olunmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ağamid Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək, kəşfiyyatçı kimi müharibədə iştirak etmişdir. 26 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur.
“Vətən uğrunda” medalı (ölümündən sonra) | “Cəsur döyüşçü” medalı (ölümündən sonra) | “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra) | “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra) |
15.12.2020 | 18.12.2020 | 25.12.2020 | 24.06.2021 |