Faiq Ağayev

Faiq Ağayev

(6 iyun 1969, Papravənd, Ağdam rayonu – 23 dekabr 1991, Meşəli, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

1969-cu il 6 iyun tarixində Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1990-cı ilin sentyabr ayında Ağdam rayon polis şöbəsinin tərkibində yaranmış polis alayına daxil olur.

1991-ci il 23 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalır. Erməni quldurları günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan onları vəhşicəsinə qətlə yetirirdilər. Azərbaycanlı hərbçilər yerli əhalini xilas etməyə çalışırdılar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlərını məhv edirdi. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etdi.

O son ana qədər mövqeyini tərk etmədi və son nəfəsinə qədər vuruşdu. Vətənimizin igid oğlu başqalarının həyatını xilas edərək öz həyatını qurban verdi.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.

Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.