Aqil Məmmədov

Aqil Məmmədov

Qarabağ müharibəsi iştirakçısı. 7 avqust 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Aqil Məmmədov 5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı Heydər Əliyevin 457 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Aqil Məmmədov 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açmışdır. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı orta məktəbi bitirdikdən sonra, təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirmişdir. O, Füzuli şəhərində sürücülük peşəsinə də yiyələnmişdir. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdır.

Aqil Məmmədov 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıtmışdır. Aqil Məmmədov Qubadlı rayon özünümüdafiə taboruna qoşulmuşdur. Ermənistanla səhrəd kəndlərin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınmışdır. O, dəfələrlə cəsur kəşiyyatçı yoldaşları ilə birlikdə Ermənistanın Qafan və Gorus rayonlarına keçərək, çoxlu hərbi girovla geri qayıtmışdır. 1992-ci il iyun ayında dörd nəfər laçınlının girov aparılması onu hədsiz dərəcədə hiddətləndirir. O, girovları geri qaytarmaq üçün öz dəstəsi ilə əməliyyata başlayır. Bir neçə saatdan sonra bir erməni zabitini ələ keçirərək rayon mərkəzinə gətirirlər. Elə həmin gün ermənilər dörd laçınlını erməni zabiti ilə dəyişməyə məcbur olurlar. O, dəfələrlə belə şücaətlər göstərmiş və hərbi hissədə ad-san qazanmışdı. 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyinə hücum edilməli idi. Hər şey isə kəşfiyyatçılardan asılı idi. Aqil öz dəstəsi ilə tapşırığı müvəffəqiyyətlə yerinə yetirib geri dönərkən, gözlənilmədən mühasirəyə düşür. O, öz dəstəsini bu çətin vəziyyətdən çıxarmaq üçün müxtəlif yollar düşünür. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv edərək, mühasirəni cəsarətlə yarırlar. O, döyüş dostlarına qarşı tərəfin minalandığını bildirir. Amma tale onun bəxtinə gülmür. Bir qədər getdikdən sonra özü minaya düşərək ağır yaralanır. Yoldaşları onu təhlükəli yerdən çıxarmağa çalışırlar. Lakin çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmur.

Aqil Məmmədov 5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı Heydər Əliyevin 457 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[1]

Qubadlı rayonu Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Aqil Məmmədovun təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda və Gəncədə adına küçələr var.

Ailəli idi. 1 qız övladı yadigar qalıb.