Faiq Cəfərov

Faiq Cəfərov

(1 may 1974, Şiləvəngə, Cəlilabad rayonu – 19 avqust 1999) — gizir, Azərbaycanın Milli Qəhrəmanı (27.12.1995), Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda xüsusi fəallıq göstərmiş şəxs.

Faiq Cəfərov 1974-cü il may ayının 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1991-ci ildə Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci ilin sentyabr ayından Sərhəd Qoşunları Baş İdarəsinin Naxçıvan Sərhəd Dəstəsində hərbi xidmətə başlamışdır. Sərhəd Qoşunlarında xidmət etdiyi dövrdə Azərbaycanın cənub hüdudlarının mühafizəsində fərqlənmişdir. 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstərmiş, həmin döyüşlərdə ağır yaralandığı üçün Faiq Cəfərov ehtiyata buraxılır.

Bir müddət sonra öz həyatını dövlətçiliyimiz və xalqımıza xidmət etməyə bağlayan qəhrəmanımız bir ildən sonra yenidən orduya qayıdır.

F.Cəfərov 1999-cu ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur.

Ailəli idi, iki övladı və həyat yoldaşı var.

Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə gizir Cəfərov Faiq Əliqulu oğlu “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Cəlilabad rayonunda dəfn edilmişdir.