(7 yanvar 1974, Göyçay, Göyçay rayonu – 23 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi, Vətən müharibəsinin şəhidi.
Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrda minaya düşməsi nəticəsində şəhid olub.
Babək Səmidli 1974-cü il yanvarın 7-də Göyçay şəhərində anadan olub. 1993-cü ildə İstanbulda Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə oradan məzun olub. Ailəli idi. Mətləb və Səmid adında 2 oğlu yadigar qaldı.
Babək Səmidli 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu.
Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycanın qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.
Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun Komandiri müavini olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Onun rəhbərliyi altında Madagiz (Suqovuşan) qısa müddət ərzində işğaldan azad edilib. 2020-ci il noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşüb və şəhid olub. O, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərində ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralandı. Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olundu.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
(26.06.2001) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
(26.06.2002) — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
(26.06.2007) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
(26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
(26.06.2012) — “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(20.04.2016) — “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı
(26.06.2017) — “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı
(25.06.2018) — “Hərbi xidmətlərə görə” medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(28.05.2019) — “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı
(09.12.2020) — “Zəfər” ordeni (ölümündən sonra)
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(29.12.2020) — “Suqovuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)