d. 20 noyabr 1960, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 19 iyul 1992, Aranzəmin yüksəkliyi, Ağdam rayonu, Azərbaycan — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Gültəkin Əsgərova 1960-ci il noyabrın 20-də Bakı şəhərində saat 15:00-da anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi.
O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib.
Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub. Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi.
1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olmuşdur. Anasına göndərdiyi məktubda yazılmışdı:
“Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı…”
Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir.
O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı. O, Bakıdakı hərc-mərclikdən cana yığılmışdı. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır. Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidir. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.
Onu özündən də kiçik olan dəmir tabutda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə UAZ-la gətirmişdilər. Onun tabutunun üstündə də xarı bülbül var idi. 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi, Əminə adlı qızı yadigar qalıb.
Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş və büstü qoyulmuşdur. Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası onu adını daşıyır, kafedrada xatirə lövhəsi vurulmuşdur. Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
1993 — Azərbaycan Azərbaycanın Milli Qəhrəmanı