Hökümə Əliyeva (8 avqust 1991, Kəlbəcər rayonu, Susuzluq kəndi – 25 dekabr 2024, Qazaxstan, Aktau) -Azərbaycanlı stüardessa, Azərbaycanın Milli Qəhrəmanı
Hökümə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşamışdır. Hökümə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökümə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
Hökümə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirmişdir. Atası Cəlil Əliyevin sözlərinə görə bu onun doktoranturasının son ili idi. 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonralar isə stüardessa kimi işləməyə başlayıb. Atasının sözlərinə görə, o, bu uçuşdan sonra hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi.
Hökümə Əliyeva təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Aktau şəhərində qəzəya uğrayan AZAL-a məxsus təyyarədə stüardessa kimi fəaliyyət göstərən Hökümə Əliyeva son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışaraq “Hər şey yaxşı olacaq!” kəlmələri ilə məşhurlaşmışdır. Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respunlikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərdiyinə görə Əliyeva Hökümə Cəlil qızına “Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) adı verilmişdir.