(7 aprel 1974, Tüntül, Qutqaşen rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmişdir.
7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində doğulmuşdur. 1991-ci il buradakı Tüntül kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə Milli Orduya çağırılır. Yüksək əsgəri keyfiyyətini nəzərə alıb onu Türkiyəyə göndərirlər.
İntiqam cəbhədə özünəməxsus ad qoymuşdu. Ağdam, Tərtər, Qubadlıda ən qaynar döyüşlərə girərək erməni faşistlərini məhv etmişdi. Murovdağ döyüşlərindən birində yaralanmasına baxmayaraq silahı yerə qoymadı. Müalicə olunan kimi yenidən cəbhəyə döndü. 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində şücaət göstərdi. Onu, “N” saylı hərbi hissənin qrup komandiri təyin etmişdilər.Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin ilk rəisi vəzifəsində çalışmışdır.
Ailəlidir, iki övladı var.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Atakişiyev İntiqam Vahid oğlu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
O, xeyirxah bir insan, vətəndaşlıq mövqeyi ilə seçilən bir hərbçi kimi tanınır.
Təhsil aldığı məktəbin önündə Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün abidə qoyulmasının təşəbbüskarı olmuş, maddi və mənəvi köməyini əsirgəməmişdir.