Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Kərimov Kazımağa Möhsün oğlu 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarını düzgün tərbiyələndirmək, onları xalqına-milllətinə layiqli övladlar olaraq böyütmək olmuşdur. Çətin də olsa Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə bağlı arzularına çatmış, onların hər birinin istədikləri peşənin arxasınca getməsi üçün lazımi şərait yaratmışdılar.
Ailənin yeddinci övladı olan Kazımağa digər qardaşları kimi orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitrirdikdən sonra ali təhsil almaq qərarına gəlir və bu arzu onu Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə gətirir. Kazımağa beş il müddətində təhsil aldığı universitetin bütün ictimai işlərində fəal iştirak edir və dövri mətbuatda öz qələmini tez-tez sınayırdı. Sevərək arxasınca getdiyi peşəsində püxtələşsin, yazılarında oxşarlıq olmasın, quru sözçülükdən uzaq olsun deyə çalışan Kazımağanın həmin zamanlar ağlına belə gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Çünki Kazımağa son dərəcə peşəsinə bağlı bir insan idi. Görünür bu da Kazımağa taleyinə yazılmış bir qismət, bir alın yazısı imiş.
Kazımağa xarakter etibarı ilə də fərqli bir insan idi. İlk baxışdan nə qədər zəhmli görünsə də, daxilən çox səmimi, mehriban və hec zaman heç kimsədən köməyini əsirgəməyən bir insan idi. İkiüzlülükdən, riyakarlıqdan çox-çox uzaq olan bu insan ən xırda haqzılığa, ədalətsizliyə belə dözə bilmir və həmin an öz haqq səsini ucaldırdı. Onu həmyaşıdlarından fərqləndirən əsas xüsusiyyət isə onun son dərəcə uzaqgörən olması, ətrafda cərəyan edən hadisələri özünəməxsus şəkildə anailiz edərək düzgün qərarlar çıxarması idi. Kazımağanın bu xarakteri, tələbəlik illərində onun müəllimi olmuş Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi, yazıçı-publisist Qulu Xəlilovun onunla bağlı söylədiyi və qələmə alıdığı xatirələrində də öz əksini tapmışdır. Yazıçı Kazımağada olan bu xarakteri onun adında olan “ağa” sözü ilə uyğunlaşdırmış və bu sözün sanki onun xarakterinə yansıdığını dəfələrlə öz fikirlərində vurğulamışdır.
Universiteti bitirdikdən sonra Kazımağa peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışmışdır.
1988-ci ildə doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da özünün bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Evini, ailəsini və hər bir şeydən uca tutduğu peşəsini arxada qoyaraq çəbhə bölgəsinə yollandı. Yalnız Kazımağanın döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranboydan keçdi. Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant rütbəsi altında doğma torpaqlarımızın müdafiəsinə qalxdı.
Hərbi geyim onun boy-buxununa nə qədər yaraşsa da o, xasiyyətcə hərbiçilikdən çox uzaq bir insan idi. Nəinki onu tanıyanların, hec onun özünün də təsəvürünə gəlməzdi ki, ömründə qarışqa tapdalamayan bir insan nə vaxtsa qələmini silahla əvəz edəcək, nişan alıb adam öldürəcək. Əgər erməni quldurlarını adam adlandırmaq mümkünsə!.
Ancaq onu da qeyd etmək lazımdır ki, Kazımağada Vətənə, torpağa qarşı olan məhəbbət təsadüfi deyildi. Çünki o, hələ XIX əsrin ikinci yarısında indiki Sankt-Peterburq şəhərində Ali Hərbi məktəb bitirmiş və 1918-1920-ci illərdə Ermənistan-Azərbaycan müharibəsi zamanı doğma torpaqlarının müdafiəsinə qalxmış Zəngəzur Mahalının tanınmış bəylərindən olan İsmayıl bəyin nəvəsidir.
Kazımağa döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edən komandir üçün bu döyüşlər sanki bir sınaq olsa da, bu sınaqdan alnı açıq çıxılmışdır. Bu uğurlarla kifayətlənməyən Kazımağa komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayır. Bu əməliyyat planı düşmən tapdağı altında olan keçmiş Şamuyankənd rayonunun azad olunması olur. Yalnız bu əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu əməliyyat olur. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Komandirin ağır yaralanmasını görən əsgər və zabitlərdə ruh düşgünlüyünün yarandığını hiss edən Kazımağa yenidən, döyüşü davam etdirmək əmri verir. Elə həmin tarix Şamuyankənd rayonunun azad olunduğu gün kimi Azərbaycan tarixinə həkk olur.
Aldığı yaranın ağır olmasına baxmayaraq əməliyyatın sonunadək iştirak edən Kazımağa əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır. Ayağından yaralanan Kazımağa doğmalarının onun ayağını itirəcəyindən qorxduqlarını hiss edərək, həmin an belə özünü itirmədən əllərini havaya qaldıraraq yaxşı ki, yazan əlim var deyir. Lakin Kazımağanın bir ayağını itirəcəyi qorxusu ilə yaşayan insanların heç ağlına belə gəlməzd ki, onu bütünlüklə itirəcəklər. Çünki o insanların heç biri bu fikri bir anlıq da olsa belə qəbul edə bilmir, “dağ boyda” bir insanın ayağından aldığı yara ilə dünyasını dəyişəcəyini güman belə etmirdilər. Ancaq amansız ölüm Kazımağanı sevənlərə onsuz neçə yaşayacaqlarını da öyrətdi. Kazımağa 15 iyun1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı.
Son dəfə Bakı şəhərində tələbə yoldaşları və eyni zamanda qələm dostları ilə görüşən Kazımağa onlara yaxın zamanlarda Qarabağ müharibəsində dönüşün təməlinin məhz Goranboy cəbhəsində qoyulacağını söyləyir və inşallah düşmən tapdağı altında olan bütün torpaqlarımız azad olduqdan sonra qələmi yenə əlinə alaraq onlarla çiyin-çiyinə çalışacağına dair söz verir. Yoldaşları ilə sağollaşan Kazımağa növbəti dəfə Bakıya iyun ayının 16-da gələcəyini söyləyir və görüş yerini “Şəhidlər Xiyabanı” deyə verir. Həmin tarixdə Kazımağa ilə görüşmək üçün “Şəhidlər Xiyabanı”na gələn yoldaşları gözləmədikləri bir mənzərə ilə rastlaşırlar. Çünki kələn Kazımağanın özü deyil, cansız bədəni idi. Kazımağa bu dəfə onu sevənlərin çiynində son mənzilə yola salınırdı.
Evli idi, bir oğlu qalıb.
Kazımağa Kərimova ölümündən bir həftə sonra,Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi.
Bu ada layiq körülən Kazımağa ilk jurnalist idi ki, belə bir fəxri ada layiq görülmüşdür.
Kazımağa Kərimovun adının əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən onun adına Bakı şəhərində küçə verilmişdir. Eyni zamanda doğulub boya-başa çatdığı doğma Qubadlının Balasoltanlı kənd tam orta məktəbi və döyüş yolunun keçdiyi Goranboy rayonunun Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır.
Goranboy rayonunda şəhid Milli Qəhrəmanın büstü qoyulub.