5 may 1970, Kirovabad – 15 may 1992, Abdal Gülablı, Ağdam rayonu və ya Ağdam rayonu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1977-1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil almışdır. 1988-ci ildə orduya çağırılır Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönür. Bir müddət burada Toxuculuq Kombinatında işləyir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və komandir təyin edilir.
Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Pərviz kəşfiyyat hissəsinə başçılıq edirdi, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilmişdi. 1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi. Pərviz başda olmaqla bölüyü döyüşə atıldı ermənilər tərəfindən vurulmuş “Təcili yardım” vertolyotunun ekipajını xilas etmək mümkün oldu lakin işğalçı, təcavüzkar ermənilərin snayper gülləsi gənc komandir Pərvizin qəlbini əbədi olaraq susdurdu. O, 22 yaşında ömrünün baharında Vətənimiz uğrunda qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir oğlu var.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Səmədov Pərviz Əbdüləhəd oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.[1]
Gəncə şəhərində dəfn edilib, qəhrəmanımızın adına burada küçə var.