18 mart 1961-ci il Bakı şəhərində dənizçi ailəsində dünyaya gəlmişdir. 1968-1978-ci illərdə Nərimanov rayonundakı 39 saylı məktəbdə təhsil almışdır. 1979-cu ildə hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurur və Bakı Dövlət Universitetinə daxil olur. 1987-ci ildə buranı müvəffəqiyyətlə bitirir. 1992-ci ildə Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılır.
Təcrübəli döyüşçü olması cəbhədə onun işini nisbətən asanlaşdırırdı. Erməni quldurlarını dəfələrlə ağır itkilərə məruz qoymuşdu. Bu kimi üstünlükləri nəzərə alınaraq Rafiq tank bölüyünün rəisi vəzifəsinə təyin edilir. Rafiqin son döyüşü Ağdərənin Qızılqaya kəndində oldu. 6 sentyabr 1992-ci il baş vermiş bu döyüşdə son nəfəsinəcən vuruşan Rafiq qəhrəmancasına həlak oldu.
Ailəli idi, iki övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Oxuduğu 39 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.
Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.