d. 1958, Masallı, Azərbaycan SSR – ö. 1992, Şuşa, Azərbaycan — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Səfa Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir.
Evli idi, iki oğlu həyatda yadigar qalıb.
1987-ci ildə Riqada yaşayan Səfa erməni quldurlarının Azərbaycanın torpaqlarını işğal etməsinə[3] biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat “Azal-aero” Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin edilir.
1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuşdur.