Sərdar Mədəd oğlu Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır.
1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində “QAZ-53” markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu.
Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Kəlbəcər rayonunda dəfn edilmişdir.