(16 iyul 1997-ci il; Şəki rayonu, Baş Zəyzid kəndi ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin qazisi.
Həsənov Tərlan Rafiq oğlu 16 iyul 1997-ci ildə Şəki rayonunun Baş Zəyzid kəndində dünyaya gəlmişdir. Baş Zəyzid kənd orta məktəbində təhsil almışdır. Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter texnikası” fakültəsinə qəbul olub, 2014 – 2018-ci illərdə həmin universitetin bakalavr pilləsini “Proseslərin avtomatlaşdırılması, mühəndisliyi” ixtisası üzrə bitirib. Ali təhsil aldığı illərdə informatikanın müasir tədrisi üsulları, proqramlaşdırma ilə maraqlanırdım, bu sahənin incəliklərinə bələd olmaq üçün müvafiq ədəbiyyat və praktiki təlimlərdə iştirak edir. Müəllimlərlə ünsiyyətdə olarkən, bu sahənin daha da təkmil olması üçün yeni ixtiralarla maraqlanır, bir sıra şəxsi icadları və təklifləri də vardı… Magistr təhsili almağı da düşünürdü…
Vətənin azad edilməsinin daha önəmli olması fikri Tərlanı rahat qoymur…
2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedir. Hərbi xidməti bitirdiyi il əslində tərxis olunmalı idi… Lakin 27 sentyabr 2020-ci ildə tarixi torpaqlarımızın azadlığı uğrunda müharibə başladı. Tərlan da bu xəbərə çox sevinir. Ləyaqətsiz və şərəfsiz düşmənimizdən qisas almaq üçün fürsət yaranmışdı.
Döyüş yoluna Goranboy rayonunun Gülüstan kəndi istiqamətində başlayır və daha sonralar isə Tərtər rayonunun Talış kəndi və Suqovuşan rayonlarındakı müxtəlif yüksəkliklərdə davam etdirir.
Tərlan Həsənovun öz dediklərindən:
1 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndindəki Ağ uçuq adlı məntəqədə olan döyüş əməliyyatı zamanı komandirin əmrinə əsasən düşmən mövqeyini məhv etməli idik. Mən döyüş yoldaşlarımla birgə uğurla irəlilədikcə, düşmən bunu anlayırdı və hiyləgər planlar etməyə, tələ qurmağa çalışırdı. Lakin biz bu tələni sezmişdik. Ona görə də ehtiyatı əldə verməməyə çalışırdıq, mövqeləri qoruyurduq.
Ağ uçuq məntəqəsindəki 20 nəfərə yaxın döyüş yoldaşlarımla birgə hücum əməliyyatı yerinə yetirərkən, bizim olduğumuz əraziyə əl qumbarası atıldı… Həmin anda mən düşündüm ki, döyüş tapşırığımız yarıda qalmamalıdır, mən şəhid olsam da, dostlarımı xilas etməliyəm! Bu düşüncə ilə mən həmin qumbaranın üzərinə atıldım və bununla qəlpələrin ətrafa yayılmasının qarşısını aldım…
Hiss etdim ki, qumbara partladı, şok vəziyyətinə düşdüyümü xatırlayıram.
Döyüş yoldaşlarım məni hərb meydanından çıxara bildilər, aldığım yaraları hərbi məntəqəmizdəki həkim sağaltdı… Sonradan bildim ki, Tərtər rayonu azad edilib. Bu xəbərə çox sevindim, demək ki, etdiyim cəhd boşuna deyilmiş…
Döyüş yoldaşlarım indi də necə sağ qaldığımı xatırlayıb, o anları yad edirlər…
Əsgər yoldaşları onun şəhid olduğunu düşünüblər. Çünki Tərlan saatlarla huşsuz halda olub. Onun həyatını zirehli jilet və qucağındakı rabitə qurğusu xilas edib. Özü ilə bərabər 8 əsgərin də həyatını qurtaran igidə bu hadisədən sonra hər kəs “Qumbara Tərlan” deyir.
Tərlan bu qəhrəmanlığına görə “Fəxri fərman”la təltif olunub.
Atası Rafiq Həsənov əlil olduğu üçün ailəni çətinliklə dolandırsa da, oğlunun ali təhsil alması üçün şərait yaratdığını və övladlarına həmişə vətənpərvərliyi aşıladığını deyir.
Tərlanın anası deyir ki, oğlunun çəkisi və gözlərində problem olduğu üçün hərbi komissiya onu xidmətdən azad etmək istəyib, lakin o, könüllü olaraq hərbi xidmətə gedib və döyüşlərə qatılıb.