(10 aprel 1946, Əlimədədli, Ağdam rayonu – 11 aprel 1994, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Edilov Yelmar Şahmar oğlu 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. 1954-1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədədən, o hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurur. M.F.Axundov adına üzümçülük kolxozunda işə düzəlir.
1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavabı verdilər. 11 aprel 1994-cü ildə “çərik” kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə Yelmar qəhrəmanlıqla həlak olur.
Ailəli idi. Yeddi övladı var.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərindəki ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.