Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
1962-ci il 7 fevral Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra Təmir Tikinti İdarəsində çilingər işləməyə başlamışdır. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı.
“N” saylı hərbi hissəyə hərbi hissədə minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunan Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı fərmanı ilə Şamoyev Firudddin İsa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qazax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Qazax şəhərindəki 4 nömrəli məktəb Firudin Şamoyevin adını daşıyır.