(1 aprel 1975; Qubadlı rayonu, Azərbaycan SSR — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki[1]; Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi.
Şükür Həmidov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən “Lələtəpə” strateji nöqtəsinin alınması zamanı fərqlənmişdir, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Füzuli, Zəngilan və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olmuşdur. Atası — Nəriman Həmidov ibtidai sinif müəllimidir. Anası — Şərqiyyə Həmidova isə evdar qadındır. Şükür Həmidov ailənin doqquzuncu övladı idi. Şükür Həmidovun ailədə altı bacısı və üç qardaşı olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Həmidovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və əvvəlcə birotaqlı mənzildə, 2 ay sonra isə yataqxanada yaşamağa başlayırlar.
Şükür Həmidov 1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub və 1990-cı ilə qədər orada təhsil alıb. 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb oldu. Müharibənin yeni-yeni alovlandığı 1990-cı ildə Şükür Həmidov sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verir. 1993-cü ildə oradan məzun olan Şükür Həmidov, həmin ildə sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verdi.
Şükür Həmidov 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul oldu və 1995-ci ildə oranı “Motoatıcı” ixtisası üzrə bitirdi.
Şükür Həmidov 2003-cü il avqustun 11-də Könül Əliyeva ilə ailə həyatı qurdu. 2005-ci il doğumlu Əzizə adında qızı, 2008-ci il doğumlu isə Nurlan adında oğlu var.
1995-ci ildə ali hərbi təhsilini başa vuran Şükür Həmidov, Müdafiə Nazirliyinin əmrinə əsasən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilmişdir və 11 il orada xidmət eləmişdir.
Şükür Həmidov 1995-ci il iyunun 7-dən 1999-cu il iyunun 22-nə qədər Culfa şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə ona Müdafiə Nazirliyinin 20 iyun 1997-ci il tarixli əmrinə əsasən “leytenant” hərbi rütbəsi verilmişdir.
Daha sonra o, 1999-cu il iyunun 22-dən 2002-ci il sentyabrın 1-nə qədər Şahbuz şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Bölüyün Komandiri vəzifəsində xidmət eləmişdir. 3 il ərzində ona 2 dəfə yeni hərbi rütbə verilmişdir — 1999-cu il iyunun 30-da “baş leytenant” hərbi rütbəsi, 2002-ci il iyunun 30-da isə “Kapitan” hərbi rütbəsi almışdır.
2002-ci il sentyabrın 1-də Şükür Həmidov Şahbuz şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Tabor Komandirinin müavini vəzifəsinə təyin edilmişdir. 2003-cü il sentyabrın 25-nə qədər bu vəzifədə xidmət edən Şükür Həmidov, 2003-cü il sentyabrın 25-dən 2005-ci il iyulun 15-nə qədər Naxçıvan şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.
2005-ci il iyunun 30-da “mayor” hərbi rütbəsi almasından 15 gün sonra isə o, həmin hərbi hissədə Motoatıcı Taborun Komandiri vəzifəsinə təyin edilmişdir. 2006-cı il avqustun 10-na qədər həmin vəzifədə xidmət edən Şükür Həmidov, 2006-cı ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilmişdir. 2008-ci il iyunun 25-də təhsilini uğurla başa vurmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrində 11 il qüsursuz xidmət edən Şükür Həmidov, 2008-ci il iyunun 25-də Ağcabədi rayonunda “N” saylı hərbi hissədə 1-ci Taborun Komandiri vəzifəsində xidmət eləməyə başlamışdır. 2009-cu il sentyabrın 10-na qədər bu vəzifədə xidmət edən Şükür Həmidov, növbəti dörd il ərzində müxtəlif hərbi hissələrdə Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.
2009-cu il sentyabrın 10-dan 2011-ci il iyunun 18-nə qədər Füzuli rayonunun Horadiz şəhərində “N” saylı hərbi hissədə Komandirin müavini — Qərargah rəisi vəzifəsində xidmət edən Şükür Həmidov, qüsursuz xidmətinə görə 30 iyun 2010-cu ildə “polkovnik-leytenant” hərbi rütbəsi almışdır. Daha sonra o, 2011-ci il iyunun 18-dən 2012-ci il fevralın 12-nə qədər Beyləqan rayonunda “N” saylı hərbi hissədə Komandirin müavini — Qərargah rəisi, 2012-ci il fevralın 12-dən 2013-cü il yanvarın 18-nə qədər isə Ağcabədi rayonunda “N” saylı hərbi hissədə Komandirin müavini — Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.
Müdafiə Nazirliyinin 18 yanvar 2013-cü il tarixli əmrinə əsasən Şükür Həmidov Tərtər rayonunda “N” saylı hərbi hissənin Komandiri vəzifəsinə təyin edilmişdir. 2014-cü il fevralın 15-nə qədər bu vəzifədə çalışan Şükür Həmidov, daha sonra 9 ay ərzində Bərdə rayonunda “N” saylı hərbi hissədə xidmət eləmişdir. O, 2014-cü il fevralın 15-dən 2014-cü il mayın 9-na qədər əməliyyat şöbəsi (N) rəisinin qoşun xidmətinə nəzarət üzrə baş yardımçısı, 2014-cü il mayın 9-dan 2014-cü il noyabrın 27-nə qədər isə əməliyyat şöbəsi (N) rəisinin müavini vəzifəsində çalışmışdır.
Daha sonra Şükür Həmidov yenidən cəbhə bölgələrində xidmətini davam eləmişdir. O, 2014-cü il noyabrın 27-dən 2015-ci il fevralın 3-nə qədər Goranboy rayonunda “N” saylı hərbi hissəsində Komandirin müavini — Qərargah rəisi vəzifəsində xidmət eləmişdir. Ardınca isə 2015-ci il fevralın 3-dən 2015-ci il iyulun 15-nə qədər Horadiz şəhərində “N” saylı hərbi hissəsində Komandirin müavini — Qərargah rəisi vəzifəsinə, həmin il iyulun 15-də isə “N” saylı hərbi hissənin Komandiri vəzifəsinə təyin edilmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Şükür Həmidov Horadiz şəhərində “N” saylı hərbi hissənin Komandiri idi. Cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun “yenilməz Ohanyan xətti” olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Polkovnik-leytenant Şükür Həmidova Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığının yerinə yetirən zaman göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1966 nömrəli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən Şükür Həmidova vaxtından əvvəl “polkovnik” hərbi rütbəsi verilmişdir. Hərbi rütbə ona həmin gün Lələtəpə istiqamətində səngərdə təqdim edilmişdir.
2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə təntənəli hərbi parad
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törətdilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar vermişdir.
2-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi olan Şükür Həmidov, cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri idi. Əvvəlcə o, Füzuli rayonu istiqamətində döyüşlərə qatılmışdır. Müharibənin birinci günündə Azərbaycan və Ermənistan bölmələri arasında təmas xətti yarılmışdır və qısa müddət ərzində Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qərvənd işğaldan azad edilmişdir. Strateji əhəmiyyətə sahib olan Yuxarı Əbdürrəhmanlının Azərbaycan Ordusunun nəzarəti altında olması, Füzuli şəhərinə hücumu şərtləndirən amillərdən biri idi. Amma Ermənistan Ordusunun Füzuli şəhərində qurduğu müdafiə xəttindən və istehgamlardan dolayı Azərbaycan Ordusu Füzuli şəhərinə Xocavənd rayonu istiqamətindən daxil olmağaı qərara almışdır. 10 gündən çox Xocavənd rayonu istiqamətində davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir. Bundan sonra Füzuli rayonu istiqamətində ciddi irəlləyiş əldə olunmuşdur. Oktyabrın 14-də Qaradağlı, Qaraqollu və Xatınbulaq, bir gün sonra isə Arış işğaldan azad edilmişdir. Bununla da Azərbaycan Ordusu strateji nöqteyi nəzərdən ciddi üstünlüyü sahib olmuşdur və Füzuli əməliyyatının əsas hissəsi başlanmışdır. 2 gün ərzində Füzuli istiqamətində ağır döyüşlər olmuşdur. 2-ci Ordu Korpusunun, Xüsusi Təyinatlı Qüvvələrin və Daxili Qoşunların da qatıldığı döyüşlərin nəticəsində Azərbaycan Ordusu tərəfindən qısa müddət ərzində Cuvarlı, Çimən, Dədəli, İşıqlı, Musabəyli, Pirəhmədli və Qoçəhmədli işğaldan azad edilmişdir. Nəticədə bütün istiqamətlərdən nəzarəti tam ələ alan Azərbaycan Ordusu Füzuli şəhərinə daxil olmağa nail olmuşdur. Oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinin 27 il davam edən işğaldan azad olunduğunu bildirmişdir. O, həmçinin Füzuli uğrunda döyüşlərin ağır olduğunu vurğulamışdır və şəhərin məharət, şücaət və fədaarlıq hesabına azad olunduğunu bildirmişdir.
20 gün ərzində Arazboyu əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun Araz boyunca yerləşən yaşayış məntəqələrinin işğaldan azad edilməsi ilə Azərbaycan Ordusunun bölmələri Zəngilan rayonuna hücum əməliyyatı hazırlaşmışdır. Oktyabrın 20-də 2-ci Ordu Korpusu və Dövlət Sərhəd Xidmətinin qatıldığı Zəngilan döyüşləri nəticəsində qısa müddət ərzində Havalı, Məmmədbəyli, Muğanlı, Şərifan, Zərnəli, həmçinin Zəngilan şəhəri işğaldan azad edilmişdir.
Qısa müddət ərzində Zəngilanın azad edilməsi ilə Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonuna istiqamətləndi. Oktyabrın 20-də Qubadlı rayonu istiqamətində 2-ci Ordu Korpusunun Qərargah rəisi Şükür Həmidovun da şəxsən qatıldığı döyüşlər başlamışdır. Bir gün sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun ərazisinə daxil olmağa nail olmuşdular. Oktyabrın 22-də səhər saatlarında 2-ci Ordu Korpusunun Qərargah rəisi Şükür Həmidov Qubadlı rayonu istiqamətində ön xətdə şəhid olmuşdur. Ölümündən sonra, oktyabrın 23-də Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlının, oktyabrın 25-də isə Qubadlı şəhərinin işğaldan azad olunduğu açıqlanmışdır. Şükür Həmidovun doğulduğu Armudlu Kəndi isə noyabrın 4-də işğaldan azad edilmişdir.
Polkovnik Şükür Həmidov 2020-ci il oktyabrın 22-də səhər radələrində Qubadlı rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olmuşdur.
Oktyabrın 22-də axşam saatlarında Şükür Həmidovunun nəşi yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. Dəfn mərasimi isə bir gün sonra baş tutmuşdur. Oktyabrın 23-də Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olan polkovnik Şükür Həmidovla vida mərasimi baş tutmuşdur. II Fəxri Xiyabanda baş tutan vida mərasimində müdafiə naziri Zakir Həsənov, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev və Rövşən Əkbərov, ictimaiyyət nümayəndələri, məhrumun xidmət yoldaşları şəhidlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı vermişdur.
Dəfn mərasimində çıxış edənlər Şükür Həmidovun həyat və döyüş yolları barədə məlumat vermişdir. Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları ilə Şükür Həmidov əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınmışdır.
Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Şükür Həmidovun atası Nəriman Həmidova dərin hüznlə başsağlığı vermişdir. Sonda müdafiə naziri şəhidin tabutu üzərində olan Azərbaycan bayrağını əbədi xatirə qalması üçün onun ailəsinə təqdim etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür Həmidov ölümündən sonra “Zəfər” ordeni ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun, Zəngilan rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Şükür Həmidov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə” medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.
(26.06.2001) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
(26.06.2005) — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
(26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
(26.06.2010) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
(22.06.2012) — “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(26.06.2015) — “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
(20.04.2016) — “Qızıl Ulduz” medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(26.06.2018) — “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı
(09.12.2020) — “Zəfər” ordeni (ölümündən sonra)
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
(25.12.2020) — “Zəngilanın azad olunmasına görə” medalı (ölümündən sonra)
(29.12.2020) — “Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra)
2016-cı ilin Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Şükür Həmidovun həyatı və döyüş yolundan bəhs edən 2017-ci ildə “Aprel yüksəkliyi” adlı kitab işıq üzü gördü.