Samid İmanov

Samid İmanov

Samid İmanov (tam adı: Samid Gülağa oğlu İmanov; d. 14 oktyabr 1981; Həsənabad qəsəbəsi, Neftçala rayonu, Azərbaycan — ö. 4 aprel 2016; Talış kəndi, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Samid Gülağa oğlu İmanov 1981-ci ilin 14 oktyabr günündə Neftçala rayonunun şimalında, Kür çayının sahilində yerləşən Həsənabad qəsəbəsində (dövrün Sovetabad qəsəbəsi) Gülağa və Xuraman İmanovların ailəsində anadan olub. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi.

Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getdi, 1998-ci ildə isə həmin məktəbi bitirdi. Elə həmin ildəcə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olan İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirdi və Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görüldü.

Samid İmanov 2013-cü ilin 16 iyun günündə dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Bu nigahdan onların bir qızı və bir oğlu var idi; Fidan (2014) və Turan (2016).

“İnsan bu həyata bir dəfə gəlir və bir dəfə də həyatdan gedir.
Gedəndə də gərək şərəflə gedəsən.
Samid İmanov”

Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.

Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirən gənc zabit Samid İmanov özünü pəşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb. Elə bu yolda Samid İmanov Türkiyə Respublikasında “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlamaq” kurslarına qatıldı. 2007-ci ildə “Anadolu-2007” və “Anadolu Qartalı-2007” birgə taktiki təlimlərlə yanaşı Samid İmanov həmdə Pakistanda “Ləpirçi və antiterrorist”, İsveçrədə “Dağ təlimi”, Rumıniyada isə “Dağa dırmanma üzrə təlimatçı” kurslarında iştirak etdi.

2014-cü ilin avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qarşı tərəfə keçdi və əməliyyat keçirdi. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edildi.

Samid İmanov həmdə bir müddət Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra isə mayor İmanov öz istəyi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə qayıtdı, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı Qoşunun komandasının köməkçi vəzifəsini icra etdi.

Samid İmanov 2015-ci il 9 mayda Rusiya Federasiyasının Moskva şəhərində, “Qırmızı meydan”-da faşizm üzərində qələbənin (1941–1945) 70 illiyi ilə bağlı baş tutan hərbi parada qatılan. Bununla bağlı ona medalda təqdim olundu.

Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatıldı. Azərbaycan-Ermənistan təmas xəttində 24 il fasilədən sonra başlayan amansız döyüşlərdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmən ilə atışdı.

Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası aldı. Əsgərlər onu döyüş meydanından aparmaq istəsə də, Samid İmanov buna qəti sürətdə etiraz etdi və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr etdi. Əsgərlərin etirazına baxmayaraq isə mayor İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verdi. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq Samid İmanovu aparmaq üçün yenidən döyüş meydanına qayıtdı, amma mayor İmanov artıq orada deyildi. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşdı. Bütün mərmiləri qurtaran mayor İmanov düşmənə erməni tərəfinə sağ düşməmək üçün əlində qumbara saxlamışdı. Səhərə gədər əsgərlər onu tapmadığı üçün isə mayor Samid İmanov qan axma nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürüldü və doğma Neftçala rayonuna aparıldı.

Aprelin 9-u isə mayor Samid İmanov anadan olduğu Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləridə qatıldı. Azərbaycanın dövlət himni səsləndiriləndən sonra yaylım atəşinin sədaları altında mayor Samid İmanovun uğrunda şəhid olduğu torpağa tapşırıldı. Mayorun tabutuna çəkilən bayraq isə şəhidin qardaşı Sadiq İmanova təqdim olundu.

2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.[1][7][8]

Mayın 16-sı isə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənov mayor Samid İmanovun ölümündən sonra layiq görüldüyü “Azərbaycanın Milli Qəhrəmanı” adını mayorun atası Gülağa İmanova təqdim etdi.

(2004) “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı
(2006) “Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcəli medalı
(2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
(2008) — “Qüsursuz xidmətə görə” III dərəcəli medalı
(2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(2013) — “Qüsursuz xidmətə görə” II dərəcəli medalı
(2014) — “Qələbə günü münasibəti ilə baş tutan hərbi parada qatıldığı görə” medalı
(2016) — “Azərbaycanın Milli Qəhrəmanı” və “Qızıl Ulduz” medalı