Ariz Məhərrəmov

Ariz Məhərrəmov (10 dekabr 1982-ci il, Saatlı rayonu, Qara Nuru kəndi – 29 sentyabr 2020-ci il, Tərtər rayonu, Suqovuşan qəsəbəsi) – Azərbaycan Respublikası Quru Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Ariz Məhərrəmov 10 dekabr 1982-ci ildə, Saatlı rayonunun Qara Nuru kəndində ziyalı ailəsində anadan olmuşdur. O orta təhsilini Saatlı rayonu, Qara Nuru kənd Rasim Səfərov adına tam orta məktəbdə almışdır.

Ariz orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı bölüyündə keçirir. Əsgərliyini bitirdikdən sonra evdən gizli gedib gizirlik kursunu oxuyur. Gizirlik kursunu fərqlənməylə bitirdikdən sonra Bakıda N saylı hərbi hissədə idman rəisi (sərbəst döyüş üzrə təlimatçı) vəzifəsində xidmət edir. Bu xidmət onu qane etmədiyi üçün könüllü döyüş bölgəsinə yollanır. Döyüş bölgəsində olan hərbi hissənin kəşfiyyat bölüyündə baş çavuş kimi xidmət edir. Xidmət dövründə atıcılıq üzrə orduda bir neçə dəfə birinci yerə çıxır. Ariz Silahlı Qüvvələrdə ilk dəfə “İstiqlal” snayper tüfəngini düşmənin canlı qüvvəsi üzərində sınaqdan keçirir. 2014-cü ilədək düşmənin 31 canlı qüvvəsini məhv edir. Buna görə də Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılır.

2015-ci il səhhətində yaranmış sağlıq problemlərinə görə ehtiyata buraxılır.

Azərbaycan Ordusunun giziri olan Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşır.

29 sentyabr Suqovuşan kəndi uğrunda döyüşdə Arizgilin içində olduğu BMP vurulur. Ariz şəhidlik zirvəsinə ucalır. BMP yandığından içində olan əsgərlərimiz xilas ola bilmir və şəhid olurlar. Şəhidlərimizin kimliyini bilmək üçün DNT testi təyin olunur. Bundan sonra şəhidlərimizin kimlikləri müəyyənləşir.

Ariz Məhərrəmov Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən Ariz Məhərrəmov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” “Vətən uğrunda” medalı ilə təltif edildi.

Ariz Məhərrəmov ailəli idi. İki övladı əmanət qaldı.