Dəmir iradə, sınmaz ruh

Dəmir iradə, sınmaz ruh: sınaqlarda bərkiyən döyüşçü ömrü

Hüseyn Allahverdiyev: “Elə bilirdilər ki, mən ya ölmüşəm, ya da əsir düşmüşəm”

Biz onunla qonşu olmamışıq, heç uşaqlığımız da bir yerdə keçməyib. Bir yaş da məndən böyükdür. Amma nədəndir bilmirəm, çox doğmadır Hüseyn mənə. Birinci Qarabağ müharibəsinin qazisi Hüseyni deyirəm. Bir sinif bizdən yuxarıda oxuyurdu Hüseyn. Futbolu yaxşı oynayan, turnikdə çox dartınan ucaboylu Natiqgilin sinifində. Sinifin yaxşı oxuyanı, nümayəndəsi Natiq olsa da, lideri o idi-bəstəboylu, biçimli, tökmə bədənli, qıvrımsaçlı Hüseyn. Müəllimlərinin, sinif yoldaşlarının sevimlisi idi. Cəld, güclü və ürəkli olsa da, bir o qədər də sadə və təvazökar idi Hüseyn. Tay-tuşlarının, dostlarının da hörmətini bu üzdən qazanmışdı. Heç kim Hüseynin basdığını kəsən görməmişdi. Qızların yanında özündən yaşca kiçiklərin, zəiflərin üstünə xoruzlanan tay-tuşları daim Hüseynin üz qızardıcı qınaqlarına tuş gələr, kinayəli sözlərini eşidərdilər. Hüseyn həmişə zəiflərin tərəfini tutardı. İdman dərslərində tay-tuşlarından bir addım öndə olardı. Məktəbli yaşlarında hər bir insanın qeyrət qalası onun ailəsi, sinif, məktəb yoldaşları, bir az böyük miqyasda məhəlləsi, kəndi olardı. Sinif yoldaşlarından ötrü o qədər davaya düşmüşdü ki. O illəri yada salıb siniflərarası dava-dalaşdan həvəslə danşır: “İndi böyük adamlarıq, e qaqa. İndiki ağlım olsa dalaşmazdım. Şüur, dil insana niyə verilib? Otur danış, başa sal da. Yaşımız o çağı idi ki, belə şeyləri düşünən kim idi, çatan kimi yumruğu, kəlləni qoyurduq bir-birimizə. Qonşu kənddən biri var, 9-cu sinifdə onunla dalamışdıq. İndi qonşumdu e, arada yada salıb gülüşürük”- gülərək əlavə edir. Düz deyir, Hüseynin davada əli bərk idi. Hərbi-idman oyunlarında Hüseyn tağımın önündə gedərdi. Qonşu kəndlərə, rayon mərkəzinə yarışlara gedən komandamızda Hüseyn olanda arxayın olurduq. Bilirdik ki, dava düşsə, Hüseyn şərəşur, cəncəl, davaaxtaran oğlanların öhdəsindən gələcək.

Quzanlının, qonşu kəndlərin borzu oğlanları da Hüseynin adını hələ unutmayıblar. Yeniyetməlik yaşlarından böyüklərlə oturub-durar, yüngül təbiətli, şit insanları sevməzdi.
Yeniyetməlikdən ağır təbiətli, sərt xarakterli Hüseyni sanki tale ağır sınaqlara, zamanın sərt küləyinə, qanlı müharibənin od-alovuna hazırlayırdı.
Hələ məktəb illərində cəsurluğu ilə ad çıxarmış belə bir insan müharibədən yayına bilməzdi.
Hüseyn idmana meylli idi. Deyir həyətdə turnik qurmuş, ştanq düzəltmişdim. Quzanlıda sambo məktəbi açmış Nazim müəllimin yanında da məşqlərdə olub. Amma idmançı olmaq istəmirdi.
“Qaqa, kişi ilə də danışmışdım, diş həkimi olacaqdım. Fikrim vardı, Ağdamda yer götürəm, orada işləyəm. Müharibə qoymadı”-deyib siqaretdən bir qüllab alır. Tüstünü ağır-ağır havaya buraxır. Gözləri yol çəkir, xəyalı uzaqlara uçur.
Müharibədən danışmağı sevmir. “Qaqa, neyləmişik e, qoy, qolunu, ayağını itirən oğlanlar danışsın” deyir Hüseyn. Bir təhər yola gətirib xatirələrini qələmə ala bildim.
18 yaşında 3 ay təlim gördükdən sonra Qarabağ müharibəsinin ən odlu nöqtələrində olub Hüseyn. Ağdamın Qalayçılar, Qazançılar, Ağdərənin Baş Güneypəyə, Orta Güneypəyə, Manik kəndləri uğrunda gedən döyüşlərində iştirak edib. Hərbi xidmətə yollananda yaşı çatmırdı. Ən azı 3 ay ləngiyə, bu müddətdə bir sıra yaşıdları kimi Bakıya işləməyə, oxumağa gedə, “çağırış problemin”dən bir yolluq qurtarmaq üçün Rusiyaya yollana bilərdi. Amma bunu etmədi. Ona görə ki bütün Quzanlı-Xındırıstan camaatı arasında hörmət qazanmış dövrünün nüfuzlu ruhanisi, ziyalısı Molla Məhəmməd kişinin ocağında böyümüşdü. Sakit, ağır təbiətli, kəndin bütün xeyrinə-şərinə yarayan atası Həsən kişinin ailəsində tərbiyə almışdı.
Hüseyndə ermənilərə qarşı nifrət boşuna yaranmamışdı. Qışda soba başında əmisi Məhəmməd Sadiqin, atası Həsən kişinin erməni-müsəlman savaşı ilə bağlı söhbətlərini çox eşitmişdi. Sovet rejiminin “xalqlar dostluğu” təbliğatının hər gün aparıldığı illərdə belə usta pedaqoqlar Rafiq, Əliyar, Raqif, Fəxrəddin müəllimlərdən ermənilərin əsil kimliyi haqqında məlumatlar almışdı. Sovet ordusundan tərxis olunan tanış gənclər də Hüseynə ermənilərin, rusların xarakteri haqqında bilgilər vermişdi.
Bizim məktəb illərimiz də qanlı-qadalı dövrə düşdü. Hadisələr başlanan 1988-ci ilin fevralından hər gün bir qara xəbər gəlirdi məktəbə. Yuxarı sinif şagirdi olduğumuz 1991-92-ci illər isə müharibənin ən qızğın vaxtları idi. Hüseyn hərbi xidmətə yollanan il artıq Qarabağda aktiv döyüş əməliyyatları gedirdi.
Hüseynin gənc əsgər dövrü Bakıda daxili qoşunlarda, 6600 sayllı hərbi hissədə keçib. Birinci çağırışda saxlamaq istəsələr də Hüseyn israrla orduya getmək istəyib: “Çox istəyirdim ki, Natiq, Səməd və Rafiqlə bir gedəm. (adları çəkilən gənclər 1992-ci ildə Ağdərədə itkin düşüblər. Onlardan bu günə qədər xəbər yoxdur-müəll.) Hərbi komissarlıqda gördülər ki, çox israr edirəm, apardılar. Bir həftədən sonra manqa komandiri idim. Bir ay karantində oldum 27-ci gün andiçmə oldu. Bölük komandirim məni özü ilə döyüş bölgəsinə aparacaqdı. Ancaq hissə komandiri başqa qərar verdi. Bizi 8-ci bölüyə Güzdəyə göndərdilər. Bizimlə düşən adamlar 2 ay təlim keçdilər. Ancaq mən gedən kimi dedim ki, məhbus üstə çıxmaq istəyirəm. Ay yarım məhbus üstündə olduq. Bu ərəfədə 2 dəfə həyəcan siqnalı oldu. 2 dəfə ərizə yazdım ki, döyüşə getmək istəyirəm. Komandir dedi ki, hələ tezdi. Üçüncü ərizədə komandir etiraz etmədi. 10 gün Biləcəridə qaldıq. Sonra bölüşdürüldük, bizi Ağdamın Qalayçılar kəndinə gətirdilər. Qalayçılar, Manik, Orta Güneypəyə, Baş Güneypəyə bizim ərazi idi. Posta Qalayçılara çıxırdıq. Bizim hərbi hissədən 32 nəfər idik. Birinci döyüşə Baş Güneypədə çıxdıq. 1992-ci ilin dekabr idi. Maşın yolu yox idi. Posta qədər bir neçə kilomtetr qarlı, daşlı yollarla posta gedirdik. Baş Güneypəyə Qazançının üst tərəfi idi. Ermənilər yüksəklikdə mövqe tutmuşdu”. Cəbhədə rastlaşdığı kəndliləri, tanışları da onu ön cəbhədən uzaq tutmağa çalışsalar da, daim döyüşə can atıb Hüseyn. Ağdam şəhərindən olan kəşfiyyatçı Nadir də belə insanlardan idi. Hüseyni qorumağa çalışsa da, döyüşün incəliklərini də elə Nadirdən öyrənib. Onunla birgə kəşfiyyata yollanıb, düşmən hücumu dəf edib, əməliyyatlara gedib: “Çox cəsur oğlan idi Nadir. Arıq, uzun adam idi. Bu adamda mən qorxu hissi görmədim. Könüllü gəlmişdi, ən təhlükəli yerlərə o gedirdi. Sonra minaya düşdü, ayağını dizdən aşağı kəsdilər… Nadir kimi cəsurlar çox idi. 17 yaşlı bir bakılı oğlan vardı, 3 bacının 1 qardaşı. Dəfələrlə valideynləri gəlib aparmağa çalışsa da, getmədi. Əksər döyüşlərdə mənimlə, Nadirlə birgə olmuş, kəşfiyyata getmişdi. Sonra şəhid oldu”.

“Həmin döyüşdə 29 şəhid verdik”

İlk döyüşü Baş Güneypəyə postunda görüb Hüseyn. Postda olduğu ikinci gün 7 ağ qış geyimində olan erməni diversant Hüseyngilin postuna hücum edir: “Təpədən dırnağa silahlanmışdılar. Biz də gənc əsgərlər idik. Düz postun qarşısına gəlib çıxmışdılar. Dəstəmizdə panika yarandı. Ancaq özümüzə gəldik. Ermənilərlə atışdıq. Uşaqlar şir kimi döyüşürdülər. Onlarla terrorçu öldürdük, ancaq təcrübəsizlik öz sözünü dedi. İtkimiz də çox oldu. Həmin döyüşdə 29 şəhid verdik”.

Hüseyn deyir ki, bu məğlubiyyət və itkilər ona pis təsir edib: “Şəhid olan yoldaşlarıma üzülürdüm. Həyatın gənc çağında şəhid oldular. Ancaq onu da dərk edirdim ki, vətən şəhidlərin qanı ilə suvarılır. Uğrunda ölən olmasa, topraq vətən olmaz. Bir qarış torpaq gedəndə elə bilirdim dünya uçub qalmışam altında”.
Döyüş zamanı insanın bütün xarakteri üzə çıxır. Mülki həyatda edilən “artistlik”, oynanılan qəhrəman rolları da burada keçmir. Hüseyn deyir ki, özündən deyənlərin bəzisi ilk döyüşdəcə sınır, qaçmaq istəyirdi: “Ancaq yaxşı ki, belələri az idi. Yoxsa torpağı qorumaq olmazdı. Qorxanları da qınamaq olmazdı. Vətənpərvərlik təbliğatı düzgün aparılmırdı. 2-3 təlim silah tutmaq, atmaq öydərəndən sonra döyüşə aparırdılar”.
“Ağdamın Qalayçılar camaatı kəndi tərk etmirdi”
Bu döyüşdən sonra Baş Güneypəyə işğal olunur. Hüseyngilin hissəsi Orta Güneypəyə və Manikdə qərar tutur. Bir gündə 3 postu təhvil verən hissənin qərargahı isə Qalayçılar kəndində yerləşirmiş. Elə olurmuş ki, 23- sutka düşmənlə atışma şəratitində keçirirmişlər. Soyuq hava, şəraitsizlik, bərbad qidalanma belə Hüseyni hərbi xidmətdən soyutmur, əksinə düşmənə nifrət hissini artırırdı: “Bizim hissənin uşaqları bir sıra yaşlı könüllülərdən daha cürətli, cəsur idilər. Sadəcə, təcrübəsizlik bizi uğursuzluğa düçar etmişdi. Əsgərlərdə ermənidən qorxu hissi yox idi. Kaş o vaxt ordumuz indiki səviyyədə, gücdə olaydı”. Bölükdə 3 əsgər və bir bölük baş çavuşu qalır. Döyüşdən sonra Quzanlıdan atası mərhum Həsən kişinin evə getmək təklifinə də yox deyir.
“Elə bilirdim ki, yoldaşlarımı qoyub qaçıram. Halbuki, gedib 3 gün qalmaq, yuyunmaq, pal-paltarı təmizləmək olardı. O soyuğun qarşısında əzilmirdim. İdman edirdim, özümü formada saxlamağa çalışırdım…”-deyir, Hüseyn.
Hüseyngilin bölüyündən qalan əsgərlər kapitan Şəfi Məmmədovun bölüyünə qatılır. Orta Güneypəyə, Sığnaq artıq işğal olunmuşdu. Həmin vaxt Hüseyngilin bölüyü hücuma keçir, bir neçə post alır, onlarla erməni hərbçisini məhv edirlər: “O döyüşdə Nadirgilin dəstəsi böyük rol oynadı. Postu aldıq, şəhidlərimizi götürüb qayıtdıq. 3 nəfər qalmışdı bizim bölükdə. Bölüyün baş çavuşu Niyazi Allahverdiyev bizə geri çəkilməyi, arxadakı hissələrə keçməyi təklif etdi. Lakin mən razı olmadım”.
Sığnaq yenidən işğal olunur, Hüseyngil 10 gün mövqe tutaraq düşmənin qarşısını kəsirlər. Hüseyn yerli əhalinin guya orduya kömək etməməsi, qaçması ilə bağlı deyilənləri də təkzib edir: “Ətraf kəndlər getmişdi. Qalayçılar əhalisi qalmışdı. Həmin vaxt biz Qalayçılar əhalisini kənddən çıxara bilmirdik. Dirənirdilər ki, kəndi qoyub getməyəcəyik. Hətta qadınlar, qocalar da getmirdilər. Deyirdilər ki, ölsək də burada öləcəyik, qəribliyə getməyəcəyik. Kənd camaatı da ordu ilə bərabər hərəkət edirdi, ordu ilə bərabər itki verirdi. Mən bu mənzərəni başqa heç yerdə görmədim, heç eşitməmişəm də”.

“Kənddə məni öldü bilirdilər…”

Qalayçılar döyüşləri Hüseynin xidmət həyatında ən çətin günlər kimi qalıb. Döyüşdə Şükran adlı əsgər yoldaşı onurğa sütunundan güllə yarası alıb yuxarıda qalıbmış. Hüseyn 2 əsgər yoldaşı ilə birgə erməniləri başını qatır, digər yoldaşları isə yaralını ərazidən çıxarırlar.
Qalayçılar işğal olunandan sonra Hüseyn yaralıları Qaradağlı hospitalına gətirir. Bölük dağılmış, yaralılar hospitala yerləşdirilmiş, sağ qalanlar isə məzuniyyətə getmişdi. Tək qalmış Hüseyn silahını və hərbi paltarını Qaradağlı sakininin evinə qoyub Quzanlıya evlərinə qayıdır: “Bu vaxt kəndə xəbər yayılıbmış ki, Qalayçılar işğal olunub, daxili qoşunların əsgərləri şəhid olub. Elə bilirdilər ki, mən də ya ölmüşəm, ya da əsir düşmüşəm. Mən kəndə gəlirəm, atamgil də babamın maşınında Qalayçılara gediblər. Qalayçılarda da onlara mənim itkin düşdüyüm deyiblər. Mən evdəyəm, anam da yanımdadır. Bayıra çıxanda gördüm gedənlər qayıdıb. Məni görüb şoka düşdülər…Bir həftə evdə qaldım. Sonra Qaradağlıya gəldim, silahımı, paltarımı götürüb 708 saylı hərbi hissəyə gəldim. Mənə xidmət etdiyim bölüyün dağılması haqqında təqrir yazmağı tapşırdılar. Yazdım, məni 708-ə götürdülər. Daxili qoşunlardan milli orduya keçdim”. Hüseyn 708 saylı hərbi hissənin 4-cü (Kötəl) batalyonuna göndərilir. Bu batalyona mərhum Ərşad Nadirov rəhbərlik edirdi. Bakıda müalicə olunan Ərşad Nadirovu qərargah rəisi Abbas Məlikov əvəz edirmiş. Hüseyn burda da əxlaqı, cəsarəti, döyüşçü xarakteri ilə zabit və əsgərlərin, könüllülərin hörmətini qazanır. Hüseyn Kötəl batalyonunun bir sıra döyüş əməliyyatında iştirak edib.
Deyir ki, Dağlıq Qarabağ və ətraf əraziləri ermənilər təkbaşına işğal edə bilməzdilər: “Onlar müharibəyə bizdən öncə hazırlaşmışdılar. Ermənilərin tərəfində Livandan, Suriyadan, Fransadan gələn muzdlular döyüşürdü. Ermənilər çox qorxaq idilər. Onları sanki bu işə təhrik edən vardı. Bəlkə də Rusiyanın fitnəkarlığı olmasaydı, Dağlıq Qarabağ ermənilərinin bizə asi olmağa cürəti çatmazdı. Dəfələrlə döyüş meydanında zənci, rus meyidi görmüşəm. Atıcı silahları, xüsusən də snayperləri ermənilər tərəfdə ruslar atırdı”.
“Məni ölü bilib yaralıların altından çıxarıblar”
Şelli döyüşləri Hüseynin yadında ürək sıxan hisslərlə qalıb. Çünki ən cəsur döyüş yoldaşlarını bu kənddə itirib: “Gecə saat 4-ə həyəcan siqanlı verildi. Bütün cəbhə boyu hücum başlandı. Artilleriya atəşi yeri-göyü lərzəyə gətimirşdi. Bir anlıq elə bildim dünya qopdu. Güclü döyüş oldu. İtki verib geri çəkildik. Qarqarı keçib Şellinin yuxarı hissəsində oturmuşduq. 18 nəfər idik. Şişqayanın yanından bir erməni tankı hərədən çıxıb atəş açır, sonra gizlənirdi. Biz döyüşdən çıxmış, fiziki və mənəvi baxımdan yorğun-əzgin idik. Bir sözlə sayıqlığımızı itirmişdik. Həmin yerdə oturmamalı idik. Hətta mülki adamlardan biri də bizə dedi ki, orda oturmayın, tank sizi vuracaq. Amma yorğunluq, laqeydlik, hücumun alınmaması öz işini görmüşdü. Oturmuşduq, ancaq Qarqarda bizim uşaqların hərəkətlərin izləyirdik. Bir də gördüm ki, Kötəl batalyonundan “adamyeyən” ləqəbli könüllü döyüşçü Kənanı vurdular, başından qan fışqırdı. Fikrim onun yanında qaldı. Birdən…elə bil qarşımda günəş doğdu. Düz ortamıza tank mərmisi düşdü. Şişqayadan atmışdılar. Gözümü açanda tüstü, qara duman gördüm, bağırtı eşitdim. Özümə gələndə gördüm ki, heç kim sağ qalmayıb. Mərmi hamısını parça-parça etmişdi. 16 şəhidimiz oldu orda. İki nəfər isə yaralanmışdıq. Ayılanda əlimi gəzdirdim ki, görüm hansı yerim salamatdı. Bütün sifətimə, başıma, bədənimin müxtəlif yerlərinə qəlpə qırıqları dolmuşdu. Bir çarpanaq iki qabırğamı sındırmış, ciyərimi zədələmişdi. Ayağa durdum ki, yeriyəm səndərləyib yıxıldım. Ayağım da zədə almışdı. Buna qədər bir dəfə kontuziya almış, yaralanmışdım. Burada həm yaralandım, həm də kontuziya aldım. 10 addım gedib yıxılmışam. Ondan sonrası yadımda deyil. Məni ölü bilib meyitlərin arasında atıblar. Şəhid Nurəddin Yolçuyevin qardaşı kəndçimiz Firidun həmin vaxt Kötəl batalyonunun əsgəri idi. Firidun sonra mənə danışırdı ki, “Qaz-53” maşınında meyitləri gətirirdik. Hiss etdik ki, meyitlərin altından xırıltı gəlir, çıxarıb baxıblar ki, mənəm, yaralanmışam. Hələ nəfəsim gəlir. Çarpanaq qolumun altından girib deyə, elə biliblər ürəyimə dəyib. Maşında bir dəfə ayıldım. Bir də gözümü hospitalda açdım. Əvvəl Qaradağlıya, ordan da helikopterlə Bakıya gətiriblər”. Müalicə alandan sonra yenə orduya qayıtmaq istəsə də, həkimlər icazə verməyiblər. İkinci qrup əlillik dərəcəsi ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. Sağlamlığını vətən yolunda itirmiş Hüseyn yaşadığı günlərə görə peşman deyil.

“Qəhrəman şəhidlərimizin, igid qazilərimizin sayəsində Qarabağı almışıq. Amma düşmən düşməndir. Yenə müharibə olarsa, yenə getməyə hazıram. Gözlərim ancaq irəlini görür, sağı-solu görmürəm. Demirəm ağır silahlardan atəş aça bilərəm, yox. Ancaq ən azı yolu-rizi tanıyıram. Yaşım da az deyil, gənc əsgərlərə mənəvi dəstək olaram”-deyir, Hüseyn.


Aradan 35 il ötüb, yaşımız 50-ni keçib. Amma qarşımda yenə o ötkəm, mərd duruşlu, məğrur Hüseyn durub. Müharibə, zaman ondan çox şey alıb. Sağlamlığı yerində deyil, saçı ağarıb, gözü yaxşı görmür. Amma döyüşkən ruhu sanki 20 yaşlı gəncin ruhudur.

Elman Cəfərli