Önkuzu hey, Önkuzu
Öndə gedər Önkuzu.
Anası dursun demiş,
Durmaz, gedər Önkuzu
Bu bayraq düşməz yerə
Ölmədikcə son kuzu.

Bu, türk şairi Niyazi Yıldırım Gençosmanoğlunu şeiridir. 1970-ci illərdə Türkiyə baş verən daxili iğtişaşlar-solçu-sağçı qovğası zamanı işgəncə ilə qətlə yetirilmiş tokatlı tələbə Ərtuğrul Dursun Önkuzunun xatirəsinə yazıb. Qəlbi Vətən eşqi ilə döyünən, böyük arzularla, müqəddəs ideallarla yaşayan saf Anadolu cocuğu Ərtuğrul Önkuzu əks-fikir daşıyıcıları tərəfindən ciyərinə hava basıldıqdan sonra yuxarı mərtəbələrdən atılaraq öldürülmüşdü. Düşüncəsi nə olur olsun, bu gənc yurdunu sevdiyi, toplumu daha azad, firavan görmək istədiyi üçün qətlə yetirilmişdi. Vətən davasında, amma səngərlərdə arzuları gülləyə tuş gələn Mahir Ərtuğrul Önkuzudan da gənc idi şəhadət şərbətini içəndə…
Türkiyənin çağdaş tarixində hər yadıma düşəndə Mahiri xatırladığım daha bir epizod- “Kınalı kuzu” hekayəsi də var. Qurtuluş savaşında komandir saçının ucuna xına yaxılmış 13 yaşlı bur əsgəri yanına çağırıb bunun səbəbini soruşur. Əsgər, anamdan soruşaram, komandir-deyib, izah edə bilmir. Türk ordusu ölüm-dirim savaşına girdiyi döyüşlərin birində həmin azyaşlı əsgər şəhid düşür. Cibindən çıxan məktub hamını qəhərə boğur. Məktubda oğlunun ölümündən xəbərsiz ana bunları yazmışdı: “Məndən soruşurdun ki, saçıma niyə xına qoymusan. Oğlum, bizim tərəflərdə bir qurban kəsiləcək quzuya, bir də vətənə qurban edilən oğula xına yaxarlar. Mən də səni vətənə qurban etdim”.
O hadisədən sonra cəbhəyə yollanan gənc əsgərlərə “kınalı kuzu” deyilməsi yayğınlaşmışdı…
*** *** ***
Mahir mənimlə bir sinifdə oxuyub. Bizimlə yaşıd idi. 1975-ci ilin 19 sentyabrında Quzanlıda doğulub.

Mahir şəkildə aşağldan sağdan birinci olandır.
Evləri “Kommunist” tirəsində idi. İbtidai sinifə də evlərinə yaxın olan 8-illik məktəbdə başlamışdı. Bizim məktəbə 9-cu sinifə keçəndə gəldi. Olduqca sakit, mədəni idi Mahir. Danışdırmasan ağzından söz çıxmayan bu oğlanın dilinə heç zaman söyüş, ağır ifadə gəlməzdi. Qaradinməz olsa da, çevik idi. İdman dərslərində, xüsusən qaçış yarışları zamanı üzümüzü ağ edərdi. Kiçik qardaşı Siyavuş deyir ki, evdə özündən kiçiklərə qarşı çox qayğıkeş, diqqətcil imiş. “Dərslərimizlə maraqlanırdı, ev tapşırıqlarını onunla birgə edərdik. Biz çox kömək edərdi”-deyir, Siyavuş.
“Gecəni postlarda keçirirdi”
XX əsrdə başımıza gəlmiş ən dəhşətli müsibətləridən biri 20 Yanvar hadisələri əksər insanlarının taleyini dəyişdi. O müdhiş hadisədən sonra yeni bir Azərbaycan doğuldu. Məmləkət insanının bəsirət gözü açılmışdı sanki. 70 il tərifi göylərə qaldırılmış, xilaskar kimi göstərilmiş rus ordusunun əli xalqımızın qanına batmışdı. 20 Yanvar və Xocalıdan sonra bu xalq bir daha rus ordusuna güvənmədi. 1992-ci ilin 26 fevralında Rusiyanın o zaman Xankəndində yerləşən 366-cı alayının əli qanımıza batdı. Erməni quldurları birləşib dinc Xocalı sakinlərini gülləbaran etmişdi rus hərbçiləri.

90-cı illərdə baş verən məlum hadisələrdən sonra Quzanlıda da hərəkətlilik yaranmışdı. Ağsaqqallar, sözükeçən adamlar oturub məsləhətləşdilər, qərara alındı ki, kəndin bir neçə yerində gözətçi postları qurulsun. Camaatı qınamaq da olmazdı. Azərbaycan müstəqilliyini elan etsə də, Bakıdakı siyasi rəhbərlik Moskvadan qopa, müstəqil qərarlar qəbul edə bilmirdi. Ermənilər silahlanır, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlərə basqınlar edir, rəsmi Bakı ordu yaratmaq əvəzinə ov tüfənglərini belə yığırdı.
Qardaşı Siyavuş danışır ki, həmin günlərdə Mahir evdə oturmaz, postlara gedər, gecə yarısına qədər orada danışılan söhbətlərə qulaq asar, bəzən gün çıxanda gələrdi.
Onun sözlərinə görə, kəndimizin yetirməsi Hafiz Əsgərov şəhid olandan sonra Mahir tamam dəyişmişdi: “Onsuz da çox danışan deyildi, bir az da qaradinməz olmuşdu. Çox fikirli dolaşırdı. Sanki içində bir fırtına baş qaldırmışdı. O vaxt məktəbin hərbi hazırlıq müəlliminə yaxınlaşıb deyibmiş ki, mənə avtomatdan atəş açmaq öyrət. Döyüş bölgəsinə can atır, vuruşmaq istəyirdi”.
1992-ci ildə orta məktəbi bitirdik. Mahir 1 il o zaman hələ mövcudluğunu saxlayan kolxozda fəhlə işlədi. Siyavuş deyir ki, pambıq tədarükü məntəqəsində çalışan atasına kömək edirmiş.
-Çox məsuliyyətli idi Mahir. Ona görə, atam onu aparmışdı özü ilə. O, bütün yazı-pozu, hesab-kitab işlərində atama kömək edirdi.
Mahir 1993-cü ilin oktyabrın 4-də Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağırılıb. Əsgərliyinin ilk aylarını Bakıda, sonra Qusarda – təlim düşərgəsində keçirib.
Rəsmi məlumat: Mahir Hüseynov 1994-cü il fevralın 3-də təlimi başa vurmuş bir qrup əsgərlə Tərtər bölgəsinə göndərilib. Ağdərə rayonun bir sıra məntəqələrinə kəşfiyyata gedən Mahir dəfələrlə ordumuzun bölmələrini zəruri məlumatlarla təmin edib, işğalçıların planlarını pozub. Çaylı kəndində kəşfiyyatda olanda düşmənin arxasına keçərək ermənilərin 2 tankını, 1 PDM-ni təkbaşına məhv edib.
“Mahirlə birgə düşmənin arxasına keçdik”
Mahir o dövrün əfsanə döyüşçülərindən olan ermənilərin başına pul qoyduğu “Qəmlo” ləqəbli Vilayət Məmmədovun qrupunda girib döyüşlərə. Cəsur əsgər igid komandirin sağ əli imiş bizim qəhrəman.
“Biz 888-ci hərbi hissənin 3-cü taborunda idik. Sonra 703-ün tərkibinə verdilər. Mən tabor komandirinin müavini idim. Mahir çox çevik, cəld oğlan idi. Ürəkli idi, qorxu hissi yox idi onda. Girdiyimiz döyüşlərdə onlara terrorçu məhv edib”.
Komandiri danışır ki, dəfələrlə Mahirlə birlikdə düşmənin arxasına keçib və işğalçılara ağır zərbələr vurublar.
Əfsanəvi kəşfiyyatçı Nail Kəmərlinin yutub kanalına müsahibəsində deyir:
“Ağdərədə, Həsənqaya yaxınlığında idik. Düşmən həm tanklarla, həm piyadalarla, həm də minaatanla dəhşətli hücuma keçmişdi. Düşmən silah-sursat baxımından bizdən üstün idi. Onların silah-sursatının, texnikasının onda biri bizdə yox idi. Tankları sürənlərin əksəriyyəti də narkotik maddələrin təsiri altında idi. Bizə atəş açırdılar, sonra düşürdülər texnika ilə Tərtər çayına, su içib yenidən gedirdilər. Bizimlə belə demək olarsa, məzələnirdilər. Açığı bundan çox hiddətləndim. Ani bir qərara aldım ki, düşmənin arxasına keçib, onlara zərbə vurmalıyam. Daim ətrafımda cəld, çevik 4-5 əsgərim var idi, bir qrantamyot, biri avtomat atan idi. Onları yığdım, qərarımı dedim, əmrlərimi verdim. Mahir də onların arasında idi. Zabit dostum Azad Fərzəliyevdən xahiş etdim ki, mən xəbər verəndə artilleriya ilə dəstək verərsən. Əsgərləri təpənin arxasında pusquda qoydum, Mahirlə birlikdə min bir çətinliklə, bəzən sürünə-sürünə, bəzən qaçaraq çayın qırağı ilə gizli yollarla düşmənin arxasına keçdik. Əmr verdim ki, görsəniz əsir düşmək təhlükəsi ilə üz-üzəyəm, məni vurun. Düşmən əsgərləri bizimlə əyləndikdən sonra istirahətə çəkilmişdilər. Tanklar dayanmışdı, xeyli canlı qüvvə var idi. Mənimlə tək Mahir var idi. Qumbaraları çıxarıb düşmənə atdıq. Hə, onu da deyim ki, o əl qumbaraları müdafiə üçündür, hücum üçün deyil. Risklidir, özünə də xətər yetirə bilər. Düşmən özünə gəlib silaha əl ata bilmədilər. Leş-leş üstünə qalandı. Yerdə uzanan terrorçular dəhşətlə bağırıb qaçmağa üz qoydular. Elə bu an minatanlarımız həmin yerə zərbə endirməyə başladılar. Düşmənə zərbə vurandan sonra geri çəkildik”.
Həmin döyüşdə ermənilərin çoxlu sayda canlı qüvvəsi və bir neçə texnikası məhv edilib. Az sonra “Qəmlo” və Mahir yenidən məhv edilən hərbi texnikanı gətirmək üçün geri qayıdırlar. Onlara kömək üçün “Tyaqaç” da verilir. Mahir çayın içi ilə hərəkət edən “Tyaqaç”a istiqamət vermək üçün irəli gedərkən düşmən ərazini minaatandan şiddətli atəşə tutur. Komandirinin dediyinə görə, minaatan mərmilərindən biri Mahirin düz qənşərinə düşür və qəhrəmanız orada da şəhid olur.
1994-cü il aprelin 18-də şəhid olub Mahir.
Azərbaycan dövləti Mahirin ölkəmizin ərazi bütövlüyündə müharibədə canından keçmiş Mahir Hüseynovun şücaətini yüksək qiymətləndirib. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mahir Şafa oğlu Hüseynov ölümündən sonra “Döyüş xidmətinə görə” medalı ilə təltif olunub…
…Quzular qoç olacaq,
Toy, düyün, köç olacaq.
Builki quzuların
Adları öc olacaq.
Şair haqlıdır, bu gün ömrünün bahar çağında namərd gülləsinə tuş gəlmiş sinif yoldaşımız Mahir aramızda deyil.
Amma Vətənə, müqəddəs amala qurban getmiş Ərtuğrulların, Mahirlərin yeri boş qalmadı. 30 ildə daha neçə qoç igidlər dünyaya gəldi. Bu millətin anaları Mahir qeyrətdə minlərlə oğul doğdu.
40 il öncə hərbi hazırlıq dərslərində sırada sonuncu dayanan balacaboy oğlan bizdən önə keçdi. Heç birimiz onun ucaldığı mərtəbəyə qalxa bilmədik. Dərsdə yaxşı oxuduğumuza görə, öyünərdik. Bu sakit, qarayanız oğlan hamımıza dərs keçdi- Vətəni sevmək dərsi.

Elman Cəfərli




