(26 dekabr 1993; Ucar rayonunun Qazıqumlaq kəndi — 1 noyyabr 2020; Tərtər, Suqovuşan kəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
İbrahimov Alim Səhrab oğlu 26 dekabr 1993-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuşdur.
Şəhid Alim Səhrab oğlu İbrahimov da qarmon müəllimi idi. 1993-cü ilin 26 dekabrında Ucar rayonunun Qazıqumlaq kəndində anadan olan Alimin ailəsi Mingəçevir şəhərinə köçmüşdü. O, ilk təhsilini Mingəçevir şəhər 4 saylı orta məktəbində alır. Musiqiyə olan həvəsi hələ uşaq yaşlarında üzə çıxmışdı. Bu istəklə 2004-2010-cu illərdə Bülbül adına Mingəçevir şəhər 2 saylı Musiqi məktəbində qarmon ixtisası üzrə oxumuşdu. Alim musiqi məktəbini bitirdikdən sonra Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinə daxil olur. 2014-cü ildə həmin məktəbi qarmon müəllimi ixtisası üzrə bitirir. 2017-2020-ci illərdə Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləmişdi. Dərs dediyi 3 il ərzində öz bilik və bacarıqlarını şagirdlərinə çatdırmağa nail olmuşdu.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Alim də bir çox Vətən oğulları kimi cəbhəyə yollanır. Göyçay şəhər Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov deyir ki, cəbhəyə gedəndən sonra bir müddət Alim İbrahimovdan xəbər ala bilmədik: “Noyabrın 1-də şəhid olması xəbərini eşitdik. Döyüş yoldaşlarından öyrəndik ki, Alim Tərtərin Suqovuşan kəndi istiqamətindəki döyüşlərdə rəşadət göstərərək şəhidlik zirvəsinə ucalıb”.
Direktor Alimin məktəbdə işə başladığı günü yaxşı xatırlayır: “Çox səmimi insan idi. Əslən Ucar rayonundan olmasına baxmayaraq, Göyçayı sevdiyini və burada ailə həyatı qurub yaşayacağını deyərdi”.
Alim İbrahimov noyabrın 2-də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.