Aqil Quliyev (tam adı: Aqil Sahib oğlu Quliyev; d. 19 sentyabr 1963, Qarakilsə, Ermənistan SSR, SSRİ — ö. 25 fevral 1992, Xocalı, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Aqil Sahib oğlu Quliyev 1963-cü ilin sentyabrın 19-da Ermənistanın Sisyan rayonunun Urud kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olub. Üçüncü kursdan hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 1985-ci ildə Xarkov Ali Milis məktəbinə daxil olub. Məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1988-ci ildə Milli Ordu qərargahına gələrək hərbi xidmətə yazılıb. O, həmin il Qarabağ müharibəsi başlanmasını Xarkovda eşitdikdən sonra, körpə qızını götürüb Bakıya qayıtdı.
O, 1988-ci ildə leytenant idi və Azərbaycan Silahlı Qüvvələrinin qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etdi. Qərargah rəisi Arif Salahov onun xahişini nəzərə alıb, 45 nəfər döyüşçü ilə Aqil Quliyevlə cəbhə bölgəsinə getməsini təmin etdi. Onun qardaşı Nəsimi Aqilin Qarabağa gedəcəyi günü bilirdi. O da Aqildən xəbərsiz könüllü olaraq cəbhəyə gedən rotaya yazılır. Aqil onun bu cəsurluğunu görüb çox sevindi və onun bu fədakarlığını alqışladı. Bir neçə gündən sonra rota Zabrat Hava Limanından vertolyotla Ağdama yola düşdü.
Ağdamda qərara alındı ki, 11 nəfər Umudluya göndərilsin. Qalanlar isə daha ağır vəziyyətdə olan Xocalıya yollandı. O, qardaşı Nəsimi ilə Xocalı müdafiəçilərinin sırasında idi. Onların ərzaqla təminatını xocalılılar öz boyunlarına götürdülər.
1991-ci ilin sonunda Xocalı cəbhə bölgəsinin ən qorxulu nöqtəsi idi. O, 21 nəfər döyüşçü ilə Xocalı hava limanının rəisi Əlif Hacıyevin müdafiə batalyonu ilə çiyin-çiyinə Xocalının müdafiəsində dayanmışdı. Lakin onların təchizatı və iqtisadi təminatı yox dərəcəsində idi. Ona görə də Xocalı camaatına müraciət edildi. Ətrafla əlaqə kəsildiyindən Aqil Quliyevin ərzaqla təminatını xocalılılar öz boyunlarına götürdülər.
Vəziyyət get-gedə çətinləşirdi. Ermənilərin hücum qorxusu isə gündən-günə artırdı. Aqil Quliyev tez “Xocalı” taburunun komandiri Tofiq Hüseynovla görüşüb döyüş mövqeyini möhkəmlətməyə çalışdı. O hücum edib MDB-nin qoşun hissələrindən 3 BRDM, ərzaq dolu 2 UAZ maşın, 13 hərbçini girov götürdü. Əsgərləri tərk silah edib Ağdama göndərdilər. Bundan sonra MDB-nin qoşun hissəsi Xocalı milis şöbəsinə basqın etdi. Bir neçə nəfəri öldürüb rəis müavinini girov apardılar. O, dərhal hücum edib düşmənin BRDM-ni heyəti ilə birlikdə ələ keçirdi, milis şöbəsindəki dığaları da girov götürüb qərargaha göndərdi.
1992-ci il yanvarın 23-də Aqil Quliyev Hikmət Nəzərli ilə birlikdə Bakıya gəlib Xocalını xilas etmək üçün respublika rəhbərliyi ilə görüşmək istəyirdi. Bəzi rəhbərlər nəinki onlarla görüşmədilər, hətta onlara mane olurdular. Aqil Quliyev cəbhədə baş verən uğursuzluqların səbəblərindən danışaraq respublika prezidenti Ayaz Mütəllibovun göstərdiyi laqeyd və biganə münasibətə öz hiddətini bildirmişdi:
” Əgər tezliklə əncam çəkilməsə, baş verə biləcək fəlakətin miqyasını sözlə ifadə etmək çətin olacaq”
Şahin Musayevlə görüşən Quliyev 80 ədəd mərmi əldə edə bildi. O, Baba Nəzərlinin köməkliyi ilə DİN-dən 4 maşın silah-sursat əldə edir. Həmin sursatı Xocalıya Ağdamdan Xocalıya uçan sərnişin vertolyotu çatdırmalı idi. Xainlər tərəfindən ermənilərə çatdırılan məlumat həmin vertolyotun düşmənlər tərəfindən vurulması ilə nəticələndi.
1992-ci il fevralın əvvəllərində Aqil Quliyevin rəhbərliyi ilə 366-cı motoatıcı alayın altı BMP-si heyət üzvləri ilə birlikdə girov götürülür. Heyətin sırasında bir rus polkovniki də olur. Təcili girovların geri qaytarılması üçün rəhbərlikdən zəng edilir. Hədələrin və zənglərin ciddi şəkil alacağını düşünərək Quliyev rus polkovniki ilə dialoqa girir. 1 “BMP”, 1 “Kristall” raket qurğusu, çoxlu hərbi sursat və 1 maşın ərzaq alır. Bundan sonra girovların geri qaytarılması haqqında yuxarıya məlumat çatdırır. Girovlar geri qaytarıldıqdan sonra ermənilər rus ordusu ilə birlikdə Xocalını mühasirəyə alırlar. Fevralın 18-də Aqil Quliyev qız-gəlinləri Xocalıdan çıxarmaq üçün 11 nəfər döyüşçüsünü götürüb, mühasirəni yarmaq üçün erməni postuna yaxınlaşır. Postda erməni quldurlarına göz açmağa imkan verməyib 21 nəfərini öldürürlər.
Otağa girəndə döyüşçü yoldaşı İlqar Musayevə güllə dəyir. Aqil Quliyev onu təhlükəsiz yerə aparmaq istəyir, lakin avtomatdan açılan atəş onun qıçlarına dəydi. İlqar həyatla vidalaşır, özünü yetirən Cabbar isə düşməni qətlə yetirir. Bu döyüşdə Cabbar və Hafiz də yaralandılar. Yaralı döyüşçülər əməliyyatı başa çatdırmadan geri döndülər. Yaralı döyüşçülər çox əzab-əziyyətlə onu öz postlarına çatdıra bildilər. Aqil Quliyevin təcili cərrahiyyə əməliyyatına ehtiyac vardı. Lakin həmin zaman, nə həkim çağırmaq, nə də Aqil Quliyevi hospitala çatdırmaq mümkün deyildi.
1992-ci il fevralın 25-də, döyüş yoldaşları Quliyevi xərəyə qoyub Xocalı soyqırımından xilas etmək üçün çalışırdılar. Bütün Xocalı sakinləri şəhərin uzunmüddətli müdafiəsində onun misilsiz xidmətlərini yaxşı bilirdilər. Növbə ilə onu Kətik kəndinin yanına qədər gətirib çıxardılar. Lakin dağın döyüşündə erməni əsgərlərinin pusqusuna düşdülər. Aqil Quliyevi aparanlardan hamısı həlak oldu, bir güllə də Aqilə dəydi. Aqil Quliyevin meyitini beş gün sonra martın 2-də hadisə yerindən götürmək mümkün oldu.
1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi, bir qızı yadigar qalıb.
Bakının Səbail rayonunda onun şərəfinə küçə adlandırılıb. Aqil Quliyevin Bakıda Nəsimi rayonunda yaşadığı binanın önündə xatirə lövhəsi vurulub.