Tərlan Quliyev

Vətən Müharibəsi Şəhidi

Tərlan Quliyev (22 dekabr 1999-cu il; Cəlilabad rayonu – 17 oktyabr 2020-ci il; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Tərlan Quliyev 1999-cu il dekabrın 22-də Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur. 2006–2017-ci illərdə Cəlilabad rayon Cəngan kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.

Tərlan Quliyev 2018-ci ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Əvvəlcə, Goranboy rayonunda, sonra Ağdam rayonunun Baharlı qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra 6 aylıq xüsusi təyinatlı kursunu keçmiş və Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Tərlan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Tərlan Quliyev oktyabrın 17-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Cəlilabad rayonunun Tahirli kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ​ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)“Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)“Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202029.12.202024.06.202105.11.2021