Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin fəal iştirakçısı.
13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmiş və sovxozda işləmişdir. 1993-cü ildə Ağstafa rayonundan Milli Ordu sıralarına çağırılmışdır. 1994-cü ildə 18 yanvar tarixdə cəbhəyə göndərilmişdir.
Arif “N” saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə döyüşmüşdür. O, həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi komandirlərin hörmətini qazanmışdır. 13-17 mart hadisələri (1995) zamanı şəhid olub.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qədiməliyev Arif Maasif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Dağ Kəsəmən kəndində dəfn edilmişdir.
Ağstafa şəhərində büstü qoyulmuşdur, qəhrəmanımızın adına mədəniyyət evi var.