Fərhad Ağayev

Fərhad Ağayev

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.

Fərhad Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuşdur. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır.

Fərhad Ağayev 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyid Əhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart Fərhad Ağayev qardaş gülləsindən ağır yaralanır, 15 mart 1995-ci il tarixdə bu yaradan həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Ağayev Fərhad İslam oğlu olümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı ” adına layiq görülmüşdür.

Sabirabad rayonundakı şəhidlər xiyabanında dəfn edilmişdir.

Bitirdiyi orta məktəb onun adını daşıyır.