(28 iyul 1999; İsmayıllı, – 15 oktyabr 2020; Füzuli) — Azərbaycan Respublikası Silahlı Qüvvələri Quru qoşunlarının əsgəri, Vətən müharibəsinin şəhidi.
Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil almış, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsinin Materialşünaslıq fakultəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası “Mahir nişançı” adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür.
2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir.
“Əsgərlikdə olduğu zaman evlərinə zəng edib anası ilə danışanda böyük fəxarət hissi ilə, Milli Qəhraman Mübariz İbrahimovun istifadə etdiyi silahdan ona verildiyini demişdi.”
“Atıcılıq” – bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Hadrut döyüşü (Füzuli rayonu) zamanı qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı Cəmil Habil oğlu Məmmədli (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Məmmədli ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Məmmədli ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
“Vətən uğrunda” medalı (ölümündən sonra) | “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra) | “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra) |
15.12.2020 | 25.12.2020 | 25.12.2020 |