Ehtiram Əhmədov

Ehtiram Əhmədov

(26 mart 2001; Yeni Suvagil, Zaqatala rayonu — 9 noyabr 2020; Bakı şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Ehtiram Əhmədov 2001-ci il martın 26-da Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-cı illərdə M.Nəzirova adına 1 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb.

Subay idi.

Ehtiram Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ehtiram Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Xocavənd, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Ehtiram Əhmədov oktyabrın 15-də Füzuli döyüşləri zamanı ağır yaralanıb.[2] Uzun müddət Bakı şəhərində Mərkəzi Hərbi Hospitalda komada olub. Noyabrın 9-da şəhid olub. Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Əhmədov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Əhmədov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Əhmədov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)“Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)“Hərbi xidmətlərə görə” medalı (ölümündən sonra)
15.12.202024.12.202025.12.202030.12.2020