Elşad Hüseynov

Elşad Hüseynov

(8 oktyabr 1968, Masallı, Masallı rayonu – 15 iyun 1992, Fərrux, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

1960-ci il 8 oktyabr Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979-1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.

Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Cəsur polis işçisinin ömrü beləcə qırıldı. Beləliklə, 1992-ci il 15 iyunda Ağdam-Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

Masallı rayonunun Xıl kəndində dəfn edilib.

Ailəli idi, üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Masallı rayonunda adına küçə var, büstü qoyulmuşdur.