Emin Bağırov

Emin Bağırov

(15 iyul 1996; Bakı, Azərbaycan – 4 aprel 2016; Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri. O, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Emin Bağırov 1996-cı il 15 iyulda Bakı şəhərində anadan olub. Ümumilikdə Emin idmanın 7 növü ilə məşğul olub: kinqboks, cüdo, sambo, sərbəst və klassik güləş, uşu-sando, boks. Hamısında da, yüksək nailiyyətlər qazanıb, diplomlarla mükafatlandırılıb. Zenit İdman Klubunda, Gilan İdman Klubunda, Binəqədidə uşu-sando üzrə mükafatlar alıb. 2014 cü ildə Emin Uşu- Sanda idman növü üzrə Azərbaycan Birinciliyini qazanmişdi.

Emin Bağırov 2014-cü ildə Bakıda 182 nömrəli məktəbi bitirib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına sənəd versə də, bu sınaqda qalibiyyət qazana bilmədi. Elə həmin ilin oktyabr ayının 8-də hərbi xidmətə yola düşdü.

2010-cu ildə yeni qəhrəmanlıq dastanı yazan Mübariz İbrahimov torpaqlarımızdakı düşməninin bir bölük əsgərini məhv edəndən sonra, Eminin hərbiyə marağı daha da artmışdı. Mübariz İbrahimov uşaqlarımıza danışdığımız nağıl qəhrəmanlarının canlı obrazını yaradaraq, Azərbaycanın əfsanə qəhrəmanı oldu. Adını qəhrəmanlıq səhifəmizə qızıl hərflərlə yazdı. Mübarizin şəhadətindən sonra gənclərimizdə vətənpərvərlik hissləri birə-beş çoxaldı və hər ailədə yeni mübarizlərimiz doğuldu, onun qəhrəmanlığının şahidi olan oğlanlarımız isə o ideallarla yaşadı. Hər bir oğul “Mübariz” olmaq istədi.

Emin gözünü dünyaya açandan evdə babasından, atasından, nənəsindən, əmilərindən vətənpərvərlik dərsləri almışdı. Hər gün böyüklər namaz üstə olanda “Vətənimizin torpaqlarını özümüzə qaytarmaq üçün oğullarımıza güc ver”, “Vətəni sevmək imandandır” sözlərini eşitmişdi. Uşaq vaxtından qardaşlarının da, özünün də ən sevdiyi oyuncaqlar avtomat, tank, pulemyot idi. Üzlərinə Azərbaycan Bayrağının şəklini çəkib döyüşə gedən əsgərlər misalı sıra düzülüşü edər, bir-biri ilə dava-dava oynayardılar. Beləcə Vətəni sevməyi, onun sərhədlərini qorumağı öyrəndilər.

Emin Bağırov 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib.Emin niyyətli Şəhid idi. Ən böyük arzusu Vətən uğrunda Şəhid olmağ idi. Hətda əsgərliyin ortalarında öz şəxsi instagram hesabında Şəhidlik haqqında statuslar paylaşırdı. Sonuncu dəfə mart ayında evə gələndə anasina “ Mən Şəhid olacağam , sən isə Şəhid anası” sözlərini demişdir.

Hərbi xidmətə yola düşən günü 2014-cü il oktyabrın 8-də sevincinin həddi-hüdudu yox idi.

Aprelin 1-dən sonra Ermənistan qoşunlarının torpaqlarımızda təxribat törətmələri məlum olanda, xüsusi təyinatlıların bölüyündə təlim keçən Emin Bağırov əslində yol çantasını yığıb evə qayıtmalıydı. Hərbi hissə komandiri, əməliyyata gedən dəstəni formalaşdıranda, Emin Bağırovu bölmədən kənarlaşdırmışdı. Lakin Eminin cavabı özünü çox gözlətməmişdi.

Çox yalvar-xahişdən sonra, hərbi hissə komandiri ona da XTQ-nin üzvləri arasında döyüş bölgəsinə getməyə icazə vermişdi.

Elə ilk döyüşdən üzüağ çıxmışdılar. Hərbçilər 25 ilə yaxın düşmən nəzarəti altında olan Talış kəndi istiqamətində yüksəkliyi azad etdiklərinə görə, sevinclərindən Vətəni öyən, Ordumuzun gücünü tərif edən mahnılar oxuya-oxuya irəliləyirdilər. Talış yüksəkliyində olan döyüşdə ən yaxın dostları Nicat və Təbriz də onunla idi. Əməliyyat baş tutmuşdu. Onlar burda xeyli ərazi azad etmişdilər. Hətta düşmənin arxa istehkamına keçib, onları məhv etmişdilər. Qarşı tərəfdən atılan top və mərmilər tükənmək bilmirdi.

Qızğın döyüş gedən vaxt ətrafa mayor Ələsgər Eynullayevin ağır yaralanıb yüksəklikdə qaldığı barədə xəbər yayılmışdı. Təcrübəli hərbçilər mayoru güllə və mərmi yağışının altından xilas etmək haqqında fikirləşərkən, Emin hər kəsdən xəbərsiz irəliyə atılıb, yüksəklikdə yaralı halda huşunu itirən mayoru sürüyüb, çıxara bildi. Onun bir göz qırpımında etdiyi bu qəhrəmanlıqdan dostları xüsusi zövq aldılar. Bütün hərbi əməliyyatlarda öndə gedən, 6 ay ərzində özünü ən cəsur döyüşçü kimi göstərən Emin Bağırov qızğın döyüşdə də həmin cəsarətini nümayiş etdirirdi.

Aprelin 4-ü, dan yeri ağarmağa başlayanda komandirlər Raquf Orucov, Vüqar Yusifov öndə gedərək, əsgərləri arxaları ilə Talış yüksəkliyinə aparıb, oranı azad etmişdilər. Oradan da düşməni qovub geri oturtmuşdular. Əslində qarşıdan kimsə həmlə gözləmədiyi halda, birdən minaatan mərmisi gəlib Təbriz Əsgərovu və Nicatı vurdu. Təbriz Əsgərov elə yerindəcə həlak olmuşdu, Nicat isə yaralanmışdı. Yaxın dostu Təbrizin həlak olduğunu görən Emin onu götürmək üçün özünü qabağa atdı. Elə bu vaxt atılan digər mərmi Eminin həyatına son qoydu. Emin həmin an arzuladığı şəhidlik məqamına yetişərək, Tanrısının yanına getdi.

Əsgər Emin Bağırov, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olmuşdur.

Aprelin 6-da isə Emin Bağırov, doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salındı.

Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı