Həsən Əkbərov

Həsən Əkbərov

Həsən Raqub oğlu Əkbərov (20 sentyabr 1997; Yədilli, Yevlax rayonu, Azərbaycan — 30 sentyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həsən Əkbərov 20 sentyabr 1997-ci ildə Yevlax rayonunun Yədilli kəndində Raqub Əkbərovun ailəsində anadan olmuşdur. Ata tərəfdən Ağdam rayonundan, ana tərəfdən Kəlbəcər rayonundan idi. Ağdam rayonu 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra Əkbərovlar ailəsi Yevlax rayonunda məskunlaşmışdır. Atası Raqub Əkbərov Həsən uşaq olan zaman vəfat etmişdir. Dayısı 1992-ci ildə Kəlbəcər istiqamətində həlak olmuşdur. Həsən 2003-2014-cü illərdə orta təhsil almışdır. Subay idi.

Həsən Əkbərov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 9 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şəhər şöbəsində qeydiyyatdan keçərək müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətinə davam etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Həsən Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bu döyüşlər gedişatında Tərtər rayonunun Dəstəgül, Tərtər rayonunun Talış kəndində və digər ərazilərin istiqamətində gedən döyüşlərdə fərqlənmişdir. Həsən Əkbərov 30 sentyabr 2020-ci ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Əkbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Əkbərov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Əkbərov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəsur döyüşçü” medalı (ölümündən sonra)“Suqovuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202024.06.202124.06.2021