1970-ci il fevralın 12-də Bakı şəhərində dünyaya gəlib. Bakıdakı Ş.Əfəndizadə adına 13 nömrəli orta məktəbdə təhsil alıb. M.Əhmədli Moskva Poliqrafiya İnstitutuna daxil olmuş, sonradan təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında davam etdirmişdi.
Qarabağ döyüşlərinə könüllü getmişdi. Evdə atası torpaqların işğalına dözə bilmədiyini, cavanların bu şərəfsizliyi niyə götürə bildiyinə təəccübləndiyini demişdi. Oğul haqlı olaraq bu töhmətin ona edildiyini anlayıb qərar vermişdi.
O, 1994-cü ilin əvvəllərində cəbhə bölgəsindən zəng edib atasına demişdi: “Mən qürbətdə deyiləm. Ölsəm də, qalsam da, bu torpaq bizimdir. Əmim Sovet İttifaqının xatirinə döyüşüb. Mən də Azərbaycanımız uğrunda canımı qurban verməyə hazıram. Ata, gec gəlsəm, incimə. Ömrü boyu babam əmimi axtardı, sən də məni gözləyərsən”.
Amma ata ürəyi idi, dözmürdü. Bir gün qışın çovğununda Sabir Əhmədli Murovdağda səngərdə olan oğluna baş çəkmək üçün yola düşür. Məqsədi bir-iki günlüyə icazə alıb Məhəmmədi evə gətirmək idi ki, oğlunun yaxınlaşan doğum gününü onun iştirakı ilə birgə qeyd etsinlər.
Oğlunu döyüş bölgəsində xeyli axtarmalı olan Sabir Əhmədli hətta düşmən mövqeyinə yaxın səngərlərə belə, gedib çıxır. “N” saylı hərbi hissədə Sabir Əhmədliyə deyirlər ki, oğlu Məhəmməd yaralanıb, arxaya hospitala göndərilib. Yazıçı dərhal Bakıya geri qayıdır ki, oğlunu hospitalda axtarsın. Amma yaşadıqları evin həyətinə daxil olarkən yas çadırının qurulmağını görən Sabir müəllimə hər şey əyan olur. Məhəmməd Əhmədli öz ad günündə şəhid olmuşdu…
1994-cü il fevral ayının 12-də son döyüşü olmuşdu. 24 yaşının tamamında, anadan olduğu gündə düşmən gülləsi ondan yan keçmədi. Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olan Məhəmmədin arzu-istəkləri yarımçıq qaldı. Məhəmməd Əhmədlini Bakıdakı II Fəxri xiyabanda torpağa tapşırdılar…
“Cavanlarımızın üzünə baxa bilmirəm. Mənim balam da bu yaşdaydı…” deyə Sabir Əhmədli şəhid oğlu haqqında sonralar mətbuata müsahibəsində bildirmişdi. Oğlunun həyatdan vaxtsız köçməsi əsl şəxsiyyət olan Sabir Əhmədliyə rahatlıq vermədi…
Nəzərinizə çatdırmaq istəyirəm ki, şəhidimiz Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi mərhum Sabir Əhmədlinin oğludur.
Sabir Əhmədli 1930-cu ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib.
“Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləyib.
1955-ci ildən AYB-nın üzvü olan yazıçı “Aran”, “Dünyanın arşını”, “Yaşıl teatr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”, “Azığa doğru”, “Gedənlərin qayıtmağı”, “Yasaq edilmiş oyun”, “Gülmalı kişinin axırı”, “Mavi günbəz”, “Kütlə”, “Axirət sevdası”, “Kef”, “Ömür urası”, “Şəhid ruhu” kimi əsərlərin müəllifidir.
S.Əhmədli ömrünün son günlərinə qədər bir sıra xəstəliklərdən, o cümlədən təzyiq və şəkərdən əziyyət çəkib. 17 aprel 2009-cu ildə ömürünün 79-cu ilində dünyasını dəyişib.
O, Cəbrayılı – ata-baba torpağını bir daha görmədən Bakının Binəqədi qəsəbəsinin torpağına tapşırıldı.
Sabir Əhmədlinin özü kimi qardaşı və oğluna da ata-baba torpağında dəfn edilmək qismət olmayıb.
Yazıçının qardaşı, Sovet İttifaqı Qəhrəmanı, Böyük Vətən Müharibəsində həlak olmuş Cəmil Əhmədov Azərbaycandan çox-çox uzaqlarda – Polşada qardaşlıq məzarında uyuyur.