Məhəmməd Əsədov

Məhəmməd Əsədov

(5 dekabr 1941, Baharlı, Zəngilan rayonu – 20 noyabr 1991, Qarakənd) — Azərbaycan Respublikasının dövlət xadimi və milis general-mayoru. O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olmuşdur.

Məhəmməd Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. O, Baharlı kəndində dördüncü sinfi bitirəndən sonra təhsilini Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən orta məktəbdə davam etmişdir. 1958-ci ildə orta məktəbi bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb. 1961-ci ildə ordu sıralarına çağırılıb və 1964-cü ilə qədər orduda xidmət edib. 1964-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərinə üz tutub və 1 saylı trestdə betonçu kimi işləyib. 1965-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967-1968-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb. 1968-ci ildə Məhəmməd Əsədov Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib.

Xalq Təsərrüfatı İnstitutu yarandıqdan və “Maliyyə və kredit” fakültəsi bu instituta verildiyindən Məhəmməd Əsədov 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun “Maliyyə və kredit” ixtisası üzrə tam kursunu bitirib. 1973-1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975-1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. 1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib.

1980-ci ilə qədər Ağsu rayonunda fəaliyyət göstərib. Yaxşı işi qiymətləndirilib və Məhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib. 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. 1983-1986-cı illərdə Jdanov Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. 1986-1988-ci illərdə Məhəmməd Əsədov Mərkəzi Komitədə yüksək vəzifədə işləyəndə dəfələrlə Xankəndiyə gedir. Oradan qayıdanda o qeyd edirdi:

” Xankəndində elə bil Azərbaycan hökuməti yoxdur, ermənilər necə istəyir, o cür də hərəkət edirlər. “
İşlədiyi müddətdə göstərdiyi işgüzarlığına, biliyinə, qabiliyyətinə görə onu Mərkəzi Komitəyə dəvət edirlər və 1986-cı ildən 1988-ci ilə qədər Məhəmməd Əsədov inzibati orqanlar şöbəsinə müdirlik edir. 1988-1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyir. İşlədiyi müddətdə öz təşkilatçılıq qabiliyyəti ilə təsərrüfatın bütün sahələrini ön cərgəyə çıxarır. 1989-1990-cı illərdə bu fəaliyyətini Quba Rayon Partiya Komitəsinin birinci katibi kimi məsuliyyətlə davam etdirir və onun gördüyü bütün işlər yüksək qiymətləndirilir.

Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilir. Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün Moskvaya – SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi. O, tez bir zamanda Xüsusi Təyinatlı Milis Dəstəsini yaradır. Məhəmməd Əsədov Xocalı hava limanında ermənilərin gediş-gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in qüvvələrini səfərbər edir. DİN Respublikanın çıxış yollarını ciddi nəzarətdə saxlayırdı.

1990-cı il noyabr ayının 5-də Məhəmməd Nəbi oğlu Əsədova general-mayor rütbəsi verilir. 1991-ci ilin noyabr ayına qədər Daxili İşlər naziri vəzifəsində çalışır. Məhəmməd Əsədov göstərdiyi şücaətə görə müşavir kimi yüksək vəzifəyə təyin edilir. Ali rütbənin verilməsi onu heç də arxayın salmır. O, yenidən sərhəd rayonlarına, Qarabağa, Ağdama, Göygölə, Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir. Çaykənd, Qarabulaq, Todan, Erkəç, Mənəşli və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir. General Ramiz Məmmədovun xatirələrindən:

” Məhəmməd Əsədovun adından belə erməni separatçıları qorxurdular. Ratsiya vasitəsi ilə danışıqlar zamanı onun gizli kodu “Черный полковник” (azərb. Qara polkovnik‎) idi. “
Bölgələrdən Bakıya dönən Əsədov müdafiənin gücləndirilməsi üçün təxirəsalınmaz, təcili tədbirlərin görülməsi barədə 27.08.1991-ci il tarixli №2/149 saylı altı vərəqdən ibarət məktubla Baş nazirə və Prezidentə kəskin müraciətlər edir, təkliflərini bildirirdi. Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün dövlət müşaviri təyin olunur.

1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mi-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər – 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci vertolyot – Mİ-8 N72 isə birincini müşaiyət etməli idi. Amma ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.

Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Qarakənd faciəsisi haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin «qəza» kimi şərhini verdi. Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.

Həlak olanlar arasında Məhəmməd Əsədov da var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.[9] İlkin olaraq Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edildi.

Jurnalist Salman Alıoğlunun sözlərinə görə, Mərzilini keçəndə hərbiçilər jurnalistləri saxladılar və o əraziyə bir sutka heç kəsi buraxmadılar. Alıoğluya görə, jurnalistlər əraziyə gedəndə ruslar və ermənilər ərazidə ciddi təmizləmə işi aparmışdılar. Onun fikrincə, vertolyot yerə düşmüş və onlar vertolyotu yerdə yandırmışdılar:

” Vertolyotdan təxminən 500-600 metr məsafədə nazir müavini Qurban Namazəliyevin cəsədi vardı. 700-800 metrlikdə Osman Mirzəyevin cəsədi vardı. Mən o vaxt dediyim versiyada qalıram ki, onlar vertolyotu endirəndə içindəkilər sağ olublar. “
Alıoğlunun sözlərinə görə, səfərdən əvvəl İsmət Qayıbov və Məhəmməd Əsədov kürk geyinmişdi və onların kürkünün altında İsrail istehsalı olan avtomatları var idi. Jurnalistin fikrincə, vertolyotun içində atışma olub. Alıoğluya görə, meyitləri tabutlara yerləşdirəndə vertolyotda olanlarla, tabutda olanların sayı düz gəlmirdi və təxminən üç-dörd cəsəd yox idi. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Məhəmməd Əsədov Məleykə xanım ilə 1968-ci il noyabrın 17-də ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Nazim, Rasim və Natiq adlı oğulları yagidar qalıb.

Qarabağ müharibəsinin ilk günlərində Famil Mehdi tərəfindən yaradılmış “Nicat” cəmiyyətinin təsis etdiyi mükafat və Bakıda Xətai rayon 29 saylı tam orta məktəb onun adını daşıyır. Məktəbin həyətində Məhəmməd Əsədovun büstü ucaldılıb. Zəngilan, Sumqayıt, Ağsu, Beyləqan, Ağdaş, Quba və Bakıda bir neçə təhsil müəssisəsi, gəmi, küçə və xiyaban, idarə və müəssisə onun adını daşıyır.

Şair Oqtay Zəngilanlı Məhəmməd Əsədova “Ağlayır ana Zəngilan” şeirini həsr etmişdir.