(26 sentyabr 1995-ci il, Ağdam rayonunun Mollalar kəndi – 17 oktyabr 2020; Ağdərə, Talış, Suqovuşan, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Qəmbərov Mədət Əzim oğlu 26 sentyabr 1995-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olub. 2017-ci ildə Gəncə Dövlət Universitetinin məzunu olub. Mədət Qənbərovun ailəsi Ağdam rayonunun Mollalar kəndindən məcburi köçkün düşüb. Mədət ata-baba yurdu Mollalarda doğulmasa da, hər zaman doğma torpaqların həsrəti ilə yaşayıb. Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu olan Mədət Qənbərov 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatı zamanı könüllü olaraq cəbhə bölgəsinə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinə müraciət edib. 2020-ci il sentyabrın 27-də cəbhədə düşmənin növbəti təxribatlarına qarşı ordumuzun keçirdiyi əks-hücum əməliyyatları zamanı isə torpaqlarımızın azadlığı urunda döyüşlərə qatılıb.
Vətən müharibəsində 17.10.2020-ci ildə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mədət Qənbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Mədətin atası Əzim Qənbərov da Qarabağ müharibəsinin iştirakçısıdır. Birinci Qarabağ müharibəsində polis əməkdaşı kimi iştirak edib. Deyir ki, bu gün təsəlliləri torpaqlarımızın işğaldan azad olmasıdır: “İyul ayında general Polad Həşimov şəhid olanda Mədət yoldaşları ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdi. Vətən müharibəsi başlayanda da döyüşlərə qatıldı. Suqovuşan-Talış istiqamətində gedən döyüşlərdə iştirak etdi. Axırıncı dəfə oktyabrın 15-də telefonla danışmışdıq. Ondan sonra şəhid oldu…”.
Şəhidin döyüş yoldaşları onun vətənpərvərliyindən qürurla danışırlar. Döyüş yoldaşı Rövşən Seyidov: “Mədət çox gözəl insan idi. Həmişə bizə nəyi isə öyrədərdi, başa salardı. Döyüşlərdə çox cəsur idi. Mən fəxr edirəm ki, elə bir yoldaşım olub”.
“Vətən uğrunda” medalı |
15.12.2020 |