6 fevral 1970, Qaraxanbəyli, Naxçıvan MSSR – 14 iyun 1992, Yuxarı Buzqov, Naxçıvan Muxtar Respublikası — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. 1987-ci ldə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.
“Dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin işğalçılıq siyasəti Naxçıvanda da yan keçmədi. Ermənilərin bu xülyasından narahat qalan Mirəsgər könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümdüdafiə batalyonunda vuruşurdu. Cəsur döyüşçü qaynar döyüşlərə girər, erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv edərdi. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il 14 iyun döyüş meydanında qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Oxuduğu 39 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Hal-hazırda Mirəsgır Seyidov adına 15 nömrəli məktəb kimi tanınır.