Oqtay Güləliyev

Oqtay Güləliyev

(10 noyabr 1962, Xaçınyalı, Laçın rayonu – 11 oktyabr 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Oqtay Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olmuşdur.

Laçın polisində işlədiyi dövr Erməni-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlatda iştirak etmiş, uğurszluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdur. Daha sonra Pircahan kəni yaxınlığında ağır yaralanmış, lakin müalicə olunaraq cəbhəyə qayıtmışdır. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatmış və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınmışdır, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olmuş və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşmüşdür. 11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş onun son döyüşü oldu. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Laçın şəhərində və Piçənis kəndində adına məktəb var.