(1 yanvar 1994; Gəncə, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Oktay Məmmədov Namiq oğlu 1994-cü il yanvarın 1-də Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. İsmət Qayıbov adına 1 saylı orta məktəbi bitirmiş, daha sonra isə zərgər kimi fəaliyyət göstərməyə başlamışdır. İqamətgah yeri Gəncə şəhəri olsa da, ürəyi hər zaman Ana yurdu olan Füzuli rayonu üçün döyünüb, Füzuli rayonunun düşmən tapdağı altında olmasına göz yuma bilmirdi. Vətənə olan bağlılığı Oktayı, general-mayor Polad Həşimovun şəhid olduğu dövrlərdə, könüllü olaraq müharibə üçün yazılan igid oğullar sırasına qoşulmağa vadar etdi.
Oktay Məmmədov 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ Müharibəsinə könüllü olaraq qoşuldu və ana yurdu olan Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, Füzulinin işğaldan azad edilməsində böyük şücaət göstərmişdir. Daha sonra noyabr ayının ilk günləri Şuşa rayonu uğrunda gedən döyüşlərə qatılmışdır. 8 noyabr 2020-ci il tarixində Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. 16 noyabrda isə, Gəncə şəhər Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oqtay Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Oqtay Məmmədov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(29.12.2020) — “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)