Rəşad Abdullayev

Rəşad Abdullayev

(14 sentyabr 1988; Cəlilabad rayonu, Azərbaycan — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə (həmin dövrdə Prişib) kəndində anadan olub.[1] Ailədə üç bacının yeganə qardaşı olan Rəşad Abdullayev, 1995-2003-cü illərdə Göytəpə кənd tam orta məкtəbində, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 6 yaşında bir qızı və 4 yaşında bir oğlu yadigar qaldı.

Rəşad Abdullayev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Tanкəleyhinə Tağım Komandiri vəzifəsində çalışıb. 2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin təlimlərinə ezam olundu. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Xüsusi Təyinatlı Qrupun Komandir müavini vəzifəsində çalışırdı.

Rəşad Abdullayev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Baş leytenant Rəşad Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli 2176 nömrəli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.

Azərbaycan Ordusunun kapitanı olan Rəşad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Rəşad Abdullayev sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayev ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

(26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(24.06.2016) — “Hərbi xidmətlərə görə” medalı
(26.06.2017) — III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(28.05.2019) — “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra)
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(29.12.2020) — “Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)