Rövşən Əbdülhüseyin oğlu Abdullayev 16 yanvar 1969-cu ildə Lerik rayonunda anadan olmuşdur. Rövşən 1973–cü ildə atasının işi ilə əlaqədar olaraq ailəlikcə Astara şəhərinə köçmüşlər. Rövşən Abdullayev Astara şəhəri 1 saylı orta məktəbində oxumuş və məktəbi əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra sənədlərini Rusiya Federasiyası Leninqrad (indiki Sankt –Peterburq) şəhərində yerləşən SSRİ-Daxili İşlər Nazirliyinin “50 illiyi” adına Ali Hərbi Siyasi məktəbinə vermişdir. 1987-ci ildən 1991-il tarixinə kimi orada təhsil almışdır. Ali Hərbi Siyasi məktəbi əla qiymətlərlə bitirdikdən sonra təyinatla Rostov şəhər Daxili İşlər İdarəsinə Leytenant rütbəsində işə göndərilmişdir. O vaxtlar Qarabağda erməni separatçıları baş qaldırmışdılar. Ona görədə o, çox böyük təkidlə təyinatını Azərbaycan Respublikasına dəyişdirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən onu Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N“ saylı hərbi hissəsinə göndərmişlər. Rövşən Abdullayev həmin hərbi hissədə öz fəaliyyətini Rota komandirinin siyasi məsələlər üzrə müavini kimi başlamışdır. O vaxtlar artıq Qarabağda Azərbaycan ərazi bütövlüyümüz uğrunda şəhidlər verirdi. erməni işğalçıları Azərbaycanlılarin yaşadıqları kəndlərə hücumlar edir, dinc əhalini qoca, qadın və uşaqlara rəhm etmədən qırır, günahsız insanları öldürürdülər. Həmin rayonların və kəndlərin mühafizəsini Azərbaycan Respublikasının Polisləri və Daxili qoşunların əsgər və zabitləri həyata keçirirdilər. Azərbaycan Respublikasının Dağlıq Qarabağa bitişik rayonların da müdafiəsi ilə Daxili Qoşunlarin əsgər və zabit heyyəti məşğul idi. Zəngilan, Ağdam və Ağdərə rayonlarının müdafiəsi Rövşən Abdullayevin də daxil olduğu “N” sayli hərbi hissəsinə tapşırılmışdır.
Rövşən Abdullayevi Rota komandiri kimi Zəngilan rayonuna göndərmişdilər. Onlarin Rotasi Zəngilan Rayonunun Qazançı kəndində yerləşirdi. Qazançı kəndi ermənistanın Qafan şəhəri ilə üz-üzə idi. Hər gün ermənilər Qafandan Zəngilanın kəndlərinə hücumlar edirdilər. Rövşən Abdullayevin komandirliyi ilə rota oraya yerləşdirildikdən sonra ermənilər hücum etməyə cəsarət etmirdilər. Hücum edəndə də igid və vətənpərvər zabitimizin başçılığı altında onqat cavablarını alırdılar. Rövşən Abdullayev çox mərd, torpağını, vətənini sevən döyüşkən və qorxmaz, dəfələrlə ölümlə üz-üzə gələn komandir idi. O, hər zaman istər işində, istər idmanda, istər yarışlarda, istərdə döyüşdə birinci olmaq istəyirdi. O, orta məktəbdə və Ali Təhsil aldiğı müddətdə də həmişə birinci olmağa çalışırdı. Yaxşı idmançı idi və daima idmanla məşğul olurdu. O, döyüşdə də həmişə öndə getməyi xoşlayırdı. Həyatda olduğu kimi döyüşdə də, həmişə öndə olmaq istəyirdi və öndə gedərdi. Onun özü daima deyərdi: Komandir öndə getməlidir, əsgər onun arxasında. O, öz əsgərlərini öz doğmaları qədər istəyirdi, əsgərlərinin birinin də burnunun qanamasına belə razı olmazdı. Bütün çətin əməliyyatlara özü rəhbərlik edərdi. Odur ki əsgərləri arasında çox böyük hörmətə malik idi. Onun zabit heyyəti arasında da çoxlu dostları var idi. Onun erməni düşmənlərinə böyük nifrəti var idi. Qarabağda baş verənlərlə, azərbaycanlı həmvətənlərinə mənfur düşmənlərin törətdiyi qırğınlar, vəhşiliklər ilə heç cürə barışa bilmirdi. Daima Qarabağa- qızğın döyüş bölgələrinə can atırdı. O vaxtı onların hərbi hissəsində rus zabitləri var idi. Onların hərbi hissədən silahları çıxarmasına Rövşən ilə dostu Vidadi (o, da rota komandiri idi) mane olmuşdular. Rusların həmin hərbi hissədən texnikanın çıxarılmasının qarşısını almışdılar. O vaxtlar bunları etmək böyük cəsarat, ürək tələb edirdi.
Rövşən orta məktəbdə oxuyanda idmana böyük həvəsi var idi. Əsasən güləş və karate ilə məşğul olurdu. Futbolu da yaxşı oynuyardı. O vaxtlar “SEVİNC “ kuboku uğrunda Respublikalarda məktəblilər arasında ümumi ittifaq futbol yarışı keçirilirdi. Hər Respublikada məktəblilər arasında birinci yeri tutan komanda Leninqradda (Sankt- Peterburq) öz aralarında yarışırdılar. O illərdə Astara şəhər məktəbliləri Respublikada “Sevinc“ kubokunun qalibi olmuşdular. Rövşən Abdullayevdə o komandanın tərkibində idi. Rusiyanın Leninqrad şəhərində Respublikamızı təmsil etmişdilər. O, İdmanla ciddi məşğul olurdu və böyük həvəsi var idi. Karate idman növünə də həvəsi böyük idi və ağır yük qaldırma ilə də məşğul olurdu.
Rövşən Abdullayevin Astara şəhərində yaşadıqları ev xidməti ev idi. Böyük həyəti var idi. Evin yan tərəfində turnik qurdurub hərgün turnikdə dartınar və məktəb dostlarını ora gətirib öz aralarında yarışlar təşkil edirdilər. Balaca güləş meydançasıda düzəltdirmişdi. Ora qum tökdürmüşdü ki, orada dostları ilə məşq zamanı güləşəndə zədələnməsinlər.
Rövşən Abdullayev çox qorxmaz qeyrətli mənfur düşməni, bütün Qafan şəhərini qorxu içində saxlayan müqayisə olunmaz dərəcədə vətənpərvər igid bir komandir idi.
Rövşən Abdullayev Mehdi Hüseyinzadə, general Mehmandarov, Həzi Aslanov məktəbindən örnək alıb, son nəfəsinə kimi düşmənə meydan oxuyub vuruşub şəhidlik zirvəsinə ucalan bir qəhrəman idi. Rövşən Abdullayev kimi vətənpərvər elini, obasını, ölkəsini sevən vətən yolunda şəhid olmaqdan qürur duyan qəhrəman oğullarımız heç vaxt unudulmayacaq!
Rövşən Abdullayevin komandirlik etdiyi tağım Zəngilanın ermənistanla sərhəd kəndlərini düşməndən qoruyan zaman ermənilər bir adım da bizim torpaqlara girə bilmirdilər. Döyüş yoldaşlarının deməsinə görə ermənilər onun başına külli miqdarda pul qoymuşdular. O, Qazançıda döyüşən müddətdə Qafan şəhərində olan ermənilər rahat yata bilmirdilər. ermənilərin Qazançı kəndinə hücumu da qəflətən olmuşdur. Rövşən Abdullayev həmin gün Zəngilan rayonu Şayıflı kəndinə əsgərləri üçün ərzaq və sursat gətirməyə getmişdir. ermənilər də Rövşən Abdullayevin Qazançı kəndində olmamasından istifadə edib, kəndə çox böyük qüvvə ilə hücuma keçmişdilər. Rövşən Abdullayev bunu eşidib tez kəndə qayıtmış və düşmənlə ölüm dirim savaşına başlamışdır. Düşmən bütün növ silahlardan qumbaraatanlardan, alazan və qrad mərmilərindən və iriçaplı güllələrdən istifadə etmişdir. Rövşən Abdullayev düşmənin çox böyük qüvvə ilə hücum etdiyini görüb əsgərlərinə meşəyə çəkilmələrini əmr etmiş, özü isə təkbaşına düşmənlə döyüşə atılmışdır. Düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etmiş, onları geriçəkilməyə məcbur etmiş, lakin bu döyüşdə özüdə qolundan və bud nahiyyəsindən ağır qəlpə yaraları almışdır. Döyüş səngidikdən sonra əsgərləri yaxınlaşdıqda komandirlərinin ağir yaralandığını görüb, onu Zəngilan rayon mərkəzi xəstəxanasına aparmağa cəhd etmişlər. Rövşən Abdullayev əsgərlərinə “onu yerə qoymalarını və anama-atama deyərsiz oğlunuz vətən uğrunda qəhrəmancasına döyüşüb, düşmənə baş əyməyib, başlarını dik tutsunlar!!!” Bu sözlərdən sonra gənc komandir gözlərini əbədi yummuşdur.
Döyüş yoldaşları qeyd edirlər ki, bir insan yaralı vəziyyətdə bu qədər canlı düşmən ordusu ilə təkbaşına necə vuruşa bilər???. Bunu ancaq ürəyi vətən eşqi ilə vuran, düşmənə sonsuz nifrəti olan igid qorxmaz oğlanlar, qəhrəmanlar edə bilərdi.
Rövşən Abdullayev 13 sentyabr 1992-ci il tarixində Lənkəran şəhər “kiçik bazar“ qəbristanlığında dəfn olunmuşdur. Lənkəran şəhərində keçmiş polis idarəsinin yanında büstü qoyulmusdur.
Doğulduğu Lerik rayonunda adına küçə və mədəniyyət evi vardır.
Ümummilli Liderimiz mərhum Prezidentimiz Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyin oğlu Abdullayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Rövşən Əbdülhüseyin oğlu Abdullayev Lerik rayonunda çox hörmətli bir ailədə anadan olmuşdur.
Rövşənin atası Abdullayev Əbdülhüseyin Dövlət oğlu ömrünün 25 ilini polis sistemində işləmiş, polis rəisi vəzifəsində çalışmışdır. İctimai asayişin və qanunun keşiyində şərəflə, vicdanla və ləyaqətlə durmuşdur. İşlədiyi müddətdə xalqın, rayon camaatının hörmətini rəğbətini qazanmışdır. Hamı onu müdrik el ağsaqqalı kimi tanımışdır.
Rövşən Abdullayevin ailəsi 4 qardaş və 3 bacidan ibarət olmuşdur. Böyük qardaşı Tofiq Abdullayev Elmi tədqiqat travmatologiya və ortopediya inustutunda işləyir. Həkim travmatoloqdur, tibb üzrə fəlsəfə doktorudur.
Digər qardaşı Rafiq Abdullayev Polis Polvoknikidir. Uzun müddət Daxili İşlər Nazirliyində rəhbər vəzifələrdə işləmişdir. Hal hazırda təqaüddədir.
Digər qardaşı Azad Abdullayev polis polkovnik-leytinantıdır. Ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası DİN-nin nəzdində olan polis əməkdaşları tərkibində Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi uğrunda Cəbrayıl rayonunda mənfur düşmənə qarşı döyüşmüşdür. Bacıları işləmirlər, evdar qadındırlar.
Rövşən Abdullayev ailənin sonbeşiyi olub. O, ailənin ən istəkli övladı olub. O, ailənin sonbeşiyi olsada onu mərd igid, qorxmaz vətənpərvər insan kimi böyüdüblər. Rövşən çox qeyrətli, vətən torpaq təəssübü çəkən, vətən üçün canından, həyatından keçən əsl qəhrəman kimi böyüyüb. Vətən yolunda vuruşub düşmənə qarşı amansız olub, xeyli miqdarda düşməni məhv edərək şəhidlik zirvəsinə yüksəlib.
Rövşən Abdullayev kimi vətənin mərd oğulları heç vaxt ölmürlər. Daima ürəklərdə, qəlblərdə, tarix dərsliklərində, yaddaşlarda yaşayırlar və həmişədə yaşayacaqlar..! Əbəs yerə deyilmir şəhidlərimiz ölməzdir, vətənimiz bölünməzdir!
Azərbaycan mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki ,
Ana yurdum ürəyinə toxuna bilər!!!
Rövşən deyərdi: Ana və Vətən bunları heç vaxt heçnə ilə dəyişmək olmaz! Ananı nə qədər sevirsənsə, vətəni də o qədər sevməlisən. Vətən üçün, ana üçün ölümə getmək mərd kişinin-nər kişinin işidir.
Vətən mənə oğul desə nə dərdim ,
Mamır olub qayasında bitərdim
Bu torpaqsız harda, nə vaxt, nə dərdim
Xəzanımdir, xəzanımdır, xəzanım!
Bu şer Rövşənin dilindən düşməzdi. O, deyərdi mən oz vətənimi dogma Azərbaycanımı sonsuz məhəbbətlə sevirəm. Mənim müqəddəs borcum vətənə xidmət etməkdir. Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır. Vətən torpağına yağı düşmən təcavüz edən zaman da vətən bizdən daha böyük hünərlər gözdüyur və mən bütün qanımla canımla onu qoruyacağam. Bu Rövşənin şüarı idi…
Vətən müqəddəsdir, vətən əzizdir!!! Vətən bağışlanılmır, satılmır və nəyəsə dəyişdirilmir!!! O əbədi və əzəlidir!!! Onun göylərində bizim əcdadlarımızın ruhları dolaşır. Bu vətəni bizlərə əcdadlarımız ərməğan etmişlər. Əcdadlarimiz vətən uğrunda vuruşmuşlar, qan tökmüşlər, yağılardan, düşmən tapdağından qorumuşlar.
Vətən yalnız üstündə gəzmək, qayğısız ömür sürmək, sərvətlərindən bəhrələnmək üçün bir məkan deyildir. Biz bu vətəni sevməyə borcluyuq və lazım gələrsə onun uğrunda hər an canımızı qurban verməyə hazır olmalıyıq. Bu sozlər Rövşən Abdullayevin döyüş dostlarına və tabeliyində olan əsgərlərinə hər gün dediyi sözlər idi. O, vətəni belə sevirdi! Allah Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşüb şəhid olan bütün şəhidlərimizi və vətən övladlarımızı rəhmət etsin, məkanları cənnət olsun, ruhları şad olsun!!!
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində abidəsi qoyulmuşdur. Adına Lerikdə mədəniyyət evi və küçə var.