Rövşən Hüseynov

Rövşən Hüseynov

(22 fevral 1967, Quzanlı, Ağdam rayonu – 11 may 1992, Şıxarx, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər

Rövşən Hüseynov tələbələrlə birlikdə “N” saylı batalyona təhkim etmişdilər. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqmətində hücuma keçmişdi Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər lakin özləri mühasirəyə düşdülər Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir burada tələbələrdən ikisi həlak olur digərləri isə mühasirədən çıxa bildilər, pulemyotu ilə erməni faşistlərinin xeyi hissəsini məhv edən cəsur vətən övladı döyüş meydanında qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.



Jurnalist Əntiqə Rəşidin “Tələbə tağımının igid komandiri: Qolandağ fatehi Rövşən Hüseynov” adlı məqaləsindən:

Əgər indi məndən soruşsalar ki, dünyanın ən böyük neməti, Allahın ən gözəl lütfü nədir, heç fikirləşmədən deyərdim ki, vətənpərvər, cəsur, ülvi ideyalar yolundan canını qurban vermək qabliyyəti!

Ətrafımızdakı insanlar qədərə boyun əyərək bir gün bu dünyanı tərk edib gedirlər. Olur ki, aradan illər keçir. Gec ya tez o ölənlər unudulur , yaddan çıxır, məchulluğa qarışır. Amma dünyanın ən böyük nemətinə, Allahın lütfünə layiq olanlar bu dünyada əbədi yaşayırlar… Şəhidlərimiz kimi! Bu vətən üçün ölən hansı bir şəhidimiz unudulub ki? Yaddaşlarda, tarix kitablarına, salmanələrdə, qalın-qalın, cild-cild kitablarda hər zaman həmişəyaşar qalırlar.

Tələbə- komandir

Bu gün Allahın lütfünə layiq olan oğullardan birini sizə daha yaxından tanıtmağa çalışacağam. Rövşən Şəmil oğlu Hüseynov 1967-ci il fevral ayının 22-də Ağdam rayonunun Quzanlı kəndində doğulur. ailədə 4 qardaş, 4 bacı olublar. Sonbeşikləri Rövşən idi. Adi, sadə kənd uşağı. O vaxt heç kim bilmirdi ki, zaman gələcək bu arıq, zəif , bir az da sakit uşaq böyüyübnəinki doğma kəndinin, rayonunun, bütöv bir xalqın and yeri, qürur və fəxarət ünvanı olacaq.Kənd həyatına xas bitib-tükənməyən təsərrüfat işlərində ailəsinə yaxından kömək göstərməsinə, ailənin qayğılarının altına çiyin verməklə bərabər həm də oxuduğu Quzanlı kənd orta məktəbində çalışqanlığı, intizamı ilə, texniki fənlərə olan marağı ilə müəllimlərinin də sevimlisiydi. 1984-ci ildə orta məktəbi bitirdikdən sonra Ağdam rayon mədəniyyət evində işə girir. İşləyə-işləyəali məktəbə hazırlaşır. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakultəsinə daxil olur. Artıq çağırış yaşı çatdığı üçün ordu sıralarında hərbi xidmətə yola düşür. 1985-1987-ci illərdə hərbi xidməti başa vurub, qayıtdıqdan sonra ilk işi təhsilini davam etdirmək olur. Rövşən universitetin sonuncu kursunda oxuyanda Ağdamdan həyəcanlı xəbərlər gəlirdi. Boya-başa çatdığı el-oba təhlükəli günlərini yaşayırdı. Kəndlər erməni quldurları tərəfindən vəhşicəsinə işğal olunurdu, günahsız adamlar yurdundan-yuvasından didərgin düşürdü. Hər tərəfdə şəhid anasının fəryadı, ah-naləsi eşidilirdi. Artıq təhlükə o həddə çatmışdı ki, adamlar canlarını qurtarmaq üçün ev-eşiklərini tərk edirdilər. Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin 20 tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər.Həmin günləri “1905”.az saytının əməkdalarına danışan, döyüşən tələbə

Baxış Məmmədovun fikirlərinin sizin üçündə maraqlı olacağını düşündüm: “Ümumiyyətlə, o dövrdə vətənpərvərlik ruhu hamıya sirayət etmişdi. Bu ilk növbədə özünü könüllülərin təşkilatçılığında, Bakı Dövlət Universitetinin tələbələrinin taqımın yaradılmasında göstərirdi. Yəni bu şeylər kütləvi şəkildə idi. Mən xatırlayıram həmin vaxtlarda artıq məlumat verilmişdi ki, bizdə də belə bir taqım hazırlanır və o tağımın da rəhbəri Rövşən Hüseynov olacaq. Uşaqlarla əlaqələr var idi və bu söhbətlər tez yayılırdı. Və təbii ki, tərəddüd etmədən o taqıma yazıldıq. Salyan kazarmasında biz uzun müddət təlim keçdik. Orada da Rövşən Hüseynovla həm bir yoldaş kimi, həm də tələbkar komandir kimi çox yaxın təmaslarımız oldu. Liderlik, komandirlik keyfiyyətləri onda çox yüksək idi. Bizim ilkin döyüşümüz Goranboyda, Qolandağ yüksəkliyində, Murov dağının ətəyində olub. Orada güclü döyüşlərimiz getdi, ermənilər çoxlu itki verdi. Bizim də təbii ki, itkilərimiz və yaralananlarımız oldu. Mən də o döyüşdə yaralandım. Amma, rəhbər bir şəxs kimi, komandir kimi Rövşən Hüseynovu çox yüksək keyfiyyətlərə malik bir şəxs kimi xatırlayıram”.

Düşmənin “Çaykənd” planını alt-üst edən tələbə taqımı

Bəli, sonra onlar ən qaynar döyüş nöqtəsinə – Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunur. Ən ağır sınaq saatı Qolandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə olur. Qolandağdan Ergəc, Mənəşli, Buzluq və Ağcakənd nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əskər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Qolandağa hücuma keçir. 1992-ci il aprel ayının 28-də ilk hücumun qarşısı məharətlə alıınır. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçir. Rövşənin taqımı düşmənin ilk zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv erdi. Düşmənin Qolandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edilir. Onun döyüş bioqrafiyasına belə qələbələrin izi çox düşüb.

Sonuncu döyüş

1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşür. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət edir. Rövşənin taqımı Mingəçevir bölüyünü mühasirədən çıxartsada özləri mühasirəyə düşürlər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak olur, bir neçəsi yaralanır. Rövşən vəziyyəti ani olaraq qiymətləndir: özü məsələyə qarışmasa tələbə yoldaşları əsir düşə. yaxudda məhv edilə bilər! Bir göz qırpımında atəş nöqtəsini susdurmağı öz üzərinə götürür. Onun pulemyotu düşmənin başına od ələyir. Cəsur komandirin əmri ilə döyüş dostları mühasirədən çıxır! Heyhat! Tələbə -komandir özü isə qəhrəmancasına həlak olur.

Rövşən və onun komandası

Rövşənin taqımında döyüşən tələbə yoldaşı, silahdaşı Arif Babayev müsahibələrinin birində son döyüş haqqında deyir:“Bizim qərargah Hacıkənddə yerləşirdi. May ayının 11-i səhər həyəcan siqnalı verildi. Əvvəlcə, biz tələbələri saxladılar ki, buradan da hücum gözlənilə bilər. Üstündən 1-2 saat keçəndən sonra yenidən əmr verildi ki, tələbələr də döyüşə getməlidir. Biz gəlib çıxdıq Marquşevana. Gördük ki, bizim yerli könüllü özünümüdafiə dəstələri Marquşevana giriblər. Marquşevandan yanan evlərdən tüstü çıxırdı. Amma, gördük ki, ermənilər tanklarla onların üzərinə hücuma keçib. əksəriyyəti Əfqanıstan müharibəsində iştirak etmiş cəsur uşaqlar ibarət Mingəçevir özünümüdafiə dəstəsi mühasirəyə düşmüşdü.Nəcməddin Sadıqov soruşdu ki, onları kim müdafizə edə bilər. Rövşən dedi ki, bunu biz edə bilərik. ZİL avtomobili ilə biz Marquşevana gəldik. Marquşevanla Tərtərin arası 3 kilometrdir. Bizim texnikalar minaya düşmüşdü. O zaman hərbi məsələlərdən baş çıxarmaq o qədər primitiv səviyyədə idi ki. Baxırdılar ki, Tərtər Marquşevan arası asfaltda heç bir çat, qazıntı yoxdur. Yəni bu asfaltın altında mina ola bilməz. Amma, ermənilər yan tərəfdən lağım atıb mina basdırmışdılar. Bizim 2 texnika orada minaya düşüb partlamışdı. Amma, biz girdik Marquşevana. Rəhmətlik Rövşəni, Fərhadı orada vurdular. Fərhad Şuşanın Kosalar kəndindən idi. Fərhadın qəbri yoxdur, onun meyiti də ələ gəlmədi”.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. İgid komandir Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib, Bakı Dövlət Universitetində büstü qoyulub.

Ağdamın 25 yaşlı fəxri, Azərbaycanın milli qəhrəmanı, tağım komandiri Rövşən Hüseynovun və digər şəhidlərimizin ruhu qarşısında baş əyirik! Nə yaxşı ki, doğulmusunuz, nə yaxşı ki varsınız!

Əntiqə Rəşid