Rövşən Rzayev

Rövşən Rzayev

Azərbaycanın Milli Qəhrəmanı, öz xidməti vəzifəsini yerinə yetirən zaman həlak olub.

15 oktyabr 1969-cu ildə Bakı şəhərinin Sahil qəsəbəsində doğulmuşdur. 1986-cı ildə buradakı 253 saylı orta məktəbi bitirərək Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1992-ci ildə Milli Orduya yazılan Rövşən tez-tez cəbhəyə getməyə başladı.

O, “N” saylı bölüyün “N” saylı alayına komandir təyin edilmişdi. Rövşən Ağdamın Pircamal, Aranzəmin, Şelli, Naxçıvanlı, Papravənd kəndlərində ermənilərin xeyli canlı qüvvəsini məhv etmişdi. 1992-ci ildə Naxçıvanlı kəndində gedən döyüş zamanı ağır yara almasına baxmayaraq döyüşçü dostlarını tək qoymur, hətta neçə-neçə yaralı əsgəri də xilas etmişdi.

Müharibədən alnı açıq çıxan Rövşən müxtəlif vaxtlarda müxtəlif hərbi hissələrə komandirlik etmişdi. Son vaxtlarda isə Qobustan həbsxanasında mühafizə bölüyünün komandiri vəzifəsində çalışırdı. 8 yanvar 1999-cu il Qobustan təcridxanasında bir qrup məhbus qiyam edir. Onlar əsgərləri girov götürmüşdülər. Bu hadisəni eşidən Rövşən dərhal həbsxanaya yollanır. O, məhbuslarla belə razılığa gəlir ki, əsgərlər azad edilir əvəzində isə Rövşənin özü girov qalır. Bu təhlükəli şərti qəbul edən polis kapitanı Rövşən Rzayev xidməti vəzifəsini yerin yetirərkən məhbuslar tərəfindən qətlə yetirildi.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidetnin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Rzayev Rövşən Abdulla oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.[3]

Sahil qəsəbəsində dəfn edilib. Sahil qəsəbəsində Rövşən Rzayevin adına park var. Həmin parkda büstü qoyulub.