Röyal Mədətov

Röyal Mədətov

(14 may 1992; Hüseynbəyli, Qazax rayonu – 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi.

Röyal Mədətov 1992-ci il mayın 14-də Qazax rayonunun Hüseynbəyli kəndində anadan olub.

1998-2009-cu illərdə A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbində təhsil alıb.

Ailəli idi.

Röyal Mədətov 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “kiçik gizir” hərbi rütbəsində xidmət edirdi.

Röyal Mədətov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə snayperçi kimi iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb.

Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri olan Röyal Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Röyal Mədətov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Qazax rayonunda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Mədətov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Mədətov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)“İgidliyə görə” medalı (ölümündən sonra)“Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)“Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202029.12.202024.06.202124.06.202124.06.2021

Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilən qazaxlı şəhid kiçik gizir Röyal Mədətov

2020-ci il  çətin, lakin şərəfli oldu. Bir çox çətinliklər və problemlərin olmasına baxmayaraq biz bu ili Qələbə ilə başa vurduq. Bu Qələbəni bizlərə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalçılarından azad edərək bəxş etdi. 30 illik həsrətdən sonra bu gün biz qalib ölkənin vətəndaşı olaraq Qarabağa qayıdışın təntənəsini yaşayırıq. Və bu Qələbəyə, Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını torpaq üçün fəda edən yaralı qazilərimizə minnətdarıq.
28 yaşlı kiçik gizir Mədətov Röyal Şahin oğlu da Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşdü və yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazdı.
Şəhid Röyal Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2011-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuş və yaralanmışdır. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur. 

28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən “Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarının xatirələrini əziz tutmaq hər birimizin borcudur. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin, o cümlədən Röyal Mədətovun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olan Şəhidim!