Novruz bizdən çox kiçikdir, orta məktəbdə 5 sinif aşağıda oxuyurdu. Qaradinməz, sakit təbiətli bir uşaq idi. Dərslərini yaxşı oxuyar, sinifdə fəallıq göstərərdi. Sinif yoldaşı Babək Həsənov deyir ki, onu daha hərbi idman oyunları maraqlandırırdı.
“Sinifin yaxşı oxuyanlarından idi. 8-ci sinifə qədər tarixi, coğrafiyanı, dil-ədəbiyyatı yaxşı oxuyurdu. Üçüncü qrupa imtahan vermək istəyirdi. Lakin yuxarı siniflərdə hərbçi olacağını deyirdi. Çox vətənpərvər bir insan idi”.

O dönəmin uşaqlarının gəncliyi qaynar dövrə düşmüşdü. Hər gün Qarabağdan, Ağdamda qara xəbərlər gəlirdi. O dövrün yeniyetmələrində hərbçi olmaq istəyi təbii hiss idi. Sən demə bu sakit, qaradinməz oğlan da zabit olmaq arzusunda imiş.
Novruz 1 dekabr 1980-ci ildə Ağdam rayonun Quzanlı kəndində anadan olub. Quzanlı kənd məktəbində təhsil alıb. Novruz bizə “Əmək təlimi” fənnindən dərs deyən Ələddin müəllimin ailəsində göz açsa da, onu əmisi, mənəvi atası Çingiz kişi saxlamış, tərbiyə vermişdi.
Novruzun bibisi oğlu, Azərbaycan ordusunun zabiti, polkovnik Rauf Cəfərov deyir ki, Novruzun hərb sənətini seçməsinin səbəbkarı o olub:
“Birinci Qarabağ müharibəsi başlayanda polkovnik Şirin Mirzəyevin təlim taboru Quzanlıda yaranmışdı. Mənim 16 yaşım vardı onda. Mən tabora gedir, əsgərlərlə, hərbi rejimlə tanış olur, təlimləri izləyirdim. Hərbçi olmaq həvəsi məndə onda yarandı. Müharibə qızışır, torpaqlarımız işğal olunurdu. Xocalı soyrıqımı baş vermişdi. Bütün bunlar məni hərbçi olmağa həvəsləndirdi. 1993-cü ildə mən ali hərbi məktəbə daxil oldum.

Novruzun o zaman 13 yaşı vardı. Hər dəfə mən tətilə, məzuniyyətə gələndə bizə gələr, hərbi geyimə baxar, hərbi xidmətlə maraqlanardı. Mənə suallar verirdi ki, dərslər necə keçir. 1997-ci ildə mən hərbi məktəbi bitirəndə, məzun olanda o da hərbçi olmağa qərar verdi. Onu Bakıya gətirdik, imtahan verdi və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. Çox savadlı idi, balları yüksək olduğundan ona seçim haqqı vermişdilər ki, ixtisası özün seç. O da kəşfiyyatı seçmişdi. 4 ildən sonra leytenant kimi xidmətə başladı. Hərbi xidmətdə olanda ondan soruşurdum ki, xidmət necə keçir. Ailədən gələn tərbiyə, üstəgəl hərbi məktəbdə öyrəndikləri onda möhkəm bir xarakter formalaşdırmışdı. Əsl kəşfiyyatçı kimi düşünür, davranırdı. Hətta mənə-bibioğlusuna belə hərbi xidmətlə bağlı məlumat verimirdi. Deyirdim xidmət necə gedir, bu bəsit suala belə dolayı cavablar verir, xidmət haqqında heç bir bilgi vermək istəmirdi”.
Novruz 2001-ci ildə Azərbaycan Ordusunda xidmətə başlamışdı. İkinci Qarabağ müharibəsinə qədər bir sıra yerlərdə xidmət aparmış, əsl zabit kimi yetişmişdi.
44 günlük Vətən müharibəsində Novruz Əsgərov artıq Azərbaycan Ordusunun mayoru idi. Onun xidmət etdiyi hərbi hissə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hərbçi dostları deyir ki, Novruz əsl zabit ləyaqəti ilə döyüşlərdə öndə gedir, ağıllı taktiki gedişlərlə, təmkinli və doğru əmrlərlə hər bir əsgərini qorumağa çalışırdı. Sentyabrın 27-də baş tutan ağır döyüşlərin birində Novruz Əsgərov qəhrəmanlıqla şəhid olur. Onun nəşini Quzanlıya döyüşçü dostları gətirir.
Şəhid mayorun məzarı Quzanlıdakı Şəhidlər xiyabanındadır.

Döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Novruz Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qəhrəman kəşfiyyatçının təltifləri sırasında
III dərəcəli “Qüsursuz xidmətə görə” medalı,
II dərəcəli “Qüsursuz xidmətə görə” medalı,
“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı,
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı,
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı,
“Vətən uğrunda” medalı,
“Hərbi xidmətlərə görə” medalı və
“Suqovuşanın azadlığı uğrunda” medalı da var. Qəhrəman kəşfiyyatçımız habelə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə də təltif edilib.
İki oğlu yadigar qalıb Novruzun. Onlardan biri atası kimi hərbçi olmaq arzusundadır.

Elman Cəfərli



