Sənan Abdullayev

Sənan Abdullayev

(1 noyabr 1998; Bakı, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Sənan Abdullayev 1998-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. 2005-2016-cı illərdə M. Məmmədov adına 37 nömrəli tam orta məktəbində təhsil alıb. İdmanın güləş növü ilə məşğul olub, Azərbaycan daxili yarışlarda bir sıra uğurlara imza atıb. Hərbi xidmətini başa vurduqdan sonra əvvəlcə Azersun Holdinqin “Bazarstore” mağazasında, daha sonra isə bir sıra Kitab Evlərində çalışıb. Subay idi.

Sənan Abdullayev 2017-2018-ci illərdə əvvəlcə Xüsusi Dövlət Mühafizə Xidmətinin “N” saylı hərbi hissəsinin “Kəşfiyyat” briqadasıda, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olub.

Sənan Abdullayev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 30-da döyüşlərə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Sənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Abdullayev oktyabrın 5-də snayper gülləsi nəticəsində Füzuli döyüşləri zamanı şəhid olub. Sənan Abdullayevin nəşi doğum günündə, noyabrın 1-də tapılıb. Noyabrın 20-də II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)
15.12.2020