1964-cü il 25 fevral Qərbi Azərbaycanın Uluxanlı rayonunun Yuxarı Necili kəndində anadan olmuşdur. Sahil 6 yaşında əmisi ilə Bakı şəhərinə gəlir. 1971-1981-ci illərdə Bakıxanov qəsəbəsindəki 96 saylı məktəbdə təhsil almışdır. 1982-ci il ordu sıralarına çağırılır. 1982-ci il ordudan tərxis edilir. 1983-cü il SSRİ DİN-nin Ali Siyasi Məktəbinə daxil olur. 1987-ci ildən Ukraynada xidmətə başlayır. 1988-ci ildə ermənilər azərbaycanlıları Qərbi Azərbaycandan deportasiya etdikləri vaxt o, məzuniyyətlə Vətənə dönür ailəsini Bakı şəhərində yerləşdirib yenidən Ukraynaya qayıdır. Qarabağ müharibəsində iştirak etmək üçün bir neçə dəfə tərxis edilməsi haqqında müraciətlər etsə də cavab almır. 1992-ci il Vətənə qayıdır. Hərbi polis alayında rota komandiri kimi xidmətə başlayır.
Sahilin komandirlik etdiyi bölüy Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndlərində fəaliyyət göstərir. Qazançı kəndi ermənilərin hücumuna məruz qalırdı. Cəsur döyüşçülər erməni quldurlarını geri oturda bilmişdilər. Növbəti dəfə güc toplayan erməni işğalçıları Qazançı kəndinə hücum etdilər. Top və raket atəşlərinə məruz qalan kəndi döyüşçülərimiz qəhrəmanlıqla müdafiə edirdilər. Döyüşün qaynar yerində Sahilin yanında mərmi partladı.Cəsur komandir sağ qolundan və sağ ayağından ağır yaralandı. Onu döyüş meydanından çıxarıb Bakıya, Mərkəzi xəstəxanaya göndərirlər. Həkimlərin ciddi səyi nəticəsində onu xilas etmək mümkün olur. 1994-cü ildən Sahil Məmmədov DİN-nin Pasport, Viza və qeydiyyat idarəsində baş inspektor çalışır.
Ailəlidir, bir övladı var.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Sahil Ələmdar oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.