Şahin Hüseynli

Şahin Hüseynli

Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Hüseynli Şahin Vaqif oğludur. Əslən Cəbrayıl rayonundan olan Şahin Hüseynli 04.05.1995-ci ildə Beyləqan rayonunda anadan olmuşdur.

2013-cü ildə Beyləqan rayonunda 4 saylı tam orta məktəbin məzunu olmuş və elə həmin ildə də Gəncə şəhərində həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ilin aprel ayına qədər ordu sıralarında hərbi xidmət etdikdən sonra həqiqi hərbi xidmətdən tərxis edilmişdir.

Şahinin gözəl şeir yazmaq və rəsm çəkmək bacarığı var idi. O şeirlərini “Şahin Zirvə” təxəllüsü ilə yazırdı. Bu bacarıqları ilə yanaşı o həm də qorxmaz, vətənə torpağa bağlı bir insan idi.

Onun vətənə olan sevgisi 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsində könüllü olaraq iştirak etməyə sövq edir. Şahin döyüşlərə Milli Qəhrəman Şükür Həmidovun rəhbərliyi ilə tankçı kimi qatılır və düşmənin xeyli sayda texnikasını, canlı qüvvəsini məhv edərək 27 sentyabrda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şahin Hüseynli doğulub boya başa çatdığı Beyləqan rayonunun Cərcis Peyğəmbər ziyarətgahındakı şəhidlər məzarlığında dəfn edilmişdir.

İgid əsgər, Şəhadətin mübarək! Ruhunuz qarşısında baş əyirik!

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın!