Süleyman Qarayev

Süleyman Qarayev

(3 iyul 1995-ci il; Qalaqayın, Sabirabad rayonu – 7 oktyabr 2020-ci il; Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Süleyman Qarayev 1995-ci il iyulun 3-də Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub.[1] 2001-2012-ci illərdə Sabirabad rayonunun Mirzə Ələkbər Sabir adına orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsinə qəbul olub. Rus və ingilis dillərini yaxşı bilirdi. Evli idi. 2 oğul övladı var.

Süleyman Qarayev 2016-cı ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda snayperçi kimi həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Süleyman Qarayev sentyabr ayının 21-dən könüllü olaraq hərbi təlimlərə qoşulub və sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Oktyabrın 7-də Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Doğulduğu Sabirabad rayonunun Qalaqayın kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Qarayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

“Vətən uğrunda” medalı
15.12.2020