Ülfət Kərimov

Ülfət Kərimov

(26 fevral 1971-ci il, Kəlbəcər, Kəlbəcər rayonu – 27 mart 1993-ci il, Ağdaban, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı və şəhisi, kəşfiyyatçı.

Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmış və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olmuşdur.

1992-ci ilin sentyabrında təhsilini yarımcıq qoyaraq Qarabağ müharibəsinə könüllü olaraq yollanmışdır.

Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov, 1993-cü ilin mart ayının 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində kənd əhalisinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girmişdir. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olmuşdur. Təkcə son döyüşündə Erməni Silahlı Qüvvələrinin 2 tank, 1 BMP və 1 Uralını məhv etmişdir.

Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir:

“Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. “
2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan (120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir.

“Azərbaycan Bayrağı” ordeni.
1993

Birinci dəfə, 1992-ci ilin 23 noyabrında, hərbi hissə komandirinin, hərbi hissənin zabitlərinin verdikləri təqdimata əsaslanan N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant R.A.Cəfərov Azərbaycan Respublikasının müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrini nəzərə alaraq Ülfət Ələkbər oğlu Kərimovun Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunmasını təklif edib.

İkinci dəfə ölümündən sonra Ülfət Kərimovun Milli Qəhrəman fəxri adı ilə təltif olunmasını təklif edilsə də, sözügedən mükafatla təltif olunması baş tutmayıb.