Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır.
İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Evli idi.
Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.
Qazax rayonundakı Heydər Əliyev adına parkda onun adına bulaq tikilmişdir.
2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman – Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən “Qartal yuvası” sənədli-bədii filmi çəkilmişdir.
2015-ci ildə Qazax və Ağstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında “İZ Production” studiyası tərəfindən “Ölümə qənşər” adlı bədii-sənədli film çəkilmişdir. Ekran əsərində onların döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilib.