(2 mart 1960, Bakı – 6 avqust 1992, Gədəbəy rayonu)— Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Adı Böyük Vətən Müharibəsi iştirakçısı, təyyarəçi Məzahir Abasovun şərəfinə qoyulmuşdur[1]. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirmişdir. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində “Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi”nin müdiri vəzifəsində çalışmışdır. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və komandir müavini vəzifəsinə təyin edilir.
Mutudərə olduqca mühüm strateji yer olduğundan ermənilər buranı işğal etmək istəyirdilər. Buna görə də Məzahir bütün bilik və bacarığından istifadə edərək yalnız döyüşçü kimi deyil, həm kəşfiyyatçı, həm də hərb müəllimi kimi fəaliyyət göstərmişdir. Məzahirin kəşfiyyatçılığı nəticəsində düşmənin bir çox döyüş nöqtələri məhv edilmişdir.Məzahir cəsur komandir olaraq müdafiəni layiqincə yerinə yetirirdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün qəfil hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü. Məzahir öz cəsur döyüşçüləri ilə kəndin müdafiəsinə qalxır. Onlar dinc əhalinin kənddən çıxmasına şərait yaradırlar. Məzahir son nəfəsinə qədər döyüşür, ümid etdiyi əlavə kömək isə gəlib çatmır. Bu döyüşdə Məzahir Rüstəmov qəhrəmancasına həlak olur; düşmən əlinə diri düşməsin deyə, axırıncı qumbarası ilə özünü partladır. Son nəfəsinəcən vuruşan komandir Məzahir Rüstəmov Gədəbəyin Şınıx bölgəsində böyük faciənin qarşısını ala bilir. Erməni quldurlarını xeyli yaxınlığına buraxan Məzahir əl qumbarasını işə saldı, özü ilə bərabər xeyli qulduru məhv edən Məzahirin bu əfsanəvi qəhrəmanlığı elləri gəzdi. Məzahirin belə ölümü qığılcımı alov etdi…Polkovnik Cahangir Rüstəmovun başçılığı ilə döyüşçülərimiz hücuma keçərək 8 avqust 1992-ci il tarixdə Mutudərəni və Başkəndi erməni işğalçılarından təmizlədilər. Təəssüf ki, amansız ölüm Məzahirə qələbə sevincini dadmağa imkan vermədi.
Ailəli idi, Təhminə adında qızı var.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
- Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.
- Gədəbəy rayonunda tuncdan heykəli ucaldılıb.